Nazarbayevin yoxluğu türk dövlətlərinin təşkilatlanmasını zəiflədəcək – Şərh

15:00 / 06.01.2022
1357
Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayevin
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəməsinin
ardınca Rusiya Hərbi Kosmik Qüvvələrinin hərb-nəqliyyat təyyarələri Rusiya
sülhməramlılarını Qazaxıstan ərazisinə tullayıb. Qazaxıstana göndərilən KTMT
qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin
bölmələri daxildir.
Qazaxıstan Prezidenti Tokayevin Rusiya və
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti hadisələrin bir daha
Kremlin ssenarisi əsasında baş verdiyini sübut etdi. Qazaxıstanda baş verən
hadisələrdə Kremlin barmağının olmasını sübut edən bir digər nüans isə
etirazlarla bağlıdır:
Birincisi, etirazçıları idarə edən konkret bir
fiqur və ya lider yoxdur. Yəni etirazçılar dağınıq formada hərəkət edirlər.
Misal üçün, etirazların arxasında Qərb və ya ABŞ dayansaydı, mütləq şəkildə
kütləni idarə edən bir şəxs olardı. Lakin Kreml variantında isə adətən buna
ehtiyac olmur.
İkincisi, Qazaxıstanda etirazların ilk günündən
etibarən rusların yaşadığı bölgədə sakitlik hökm sürür. İğitaşaşlar, etirazlar
isə daha çox qazaxların çoxluq təşkil etdiyi ərazilərdə baş verir.
Üçüncüsü, etirazlar dağıntılarla müşahidə olunsa
da, iştirakçıların sayı hakimiyyəti devirəcək qədər deyildi. Yəni Qazaxıstan öz
ordusu ilə silahlı üsyanın qarşısını çox rahatlıqla ala bilərdi. Lakin
Prezident Tokayev KTMT-yə müdaxilə üçün müraciət etdi.
Bundan sonra Qazaxıstanın müstəqilliyindən danışmaq
olmaz.
Təəssüf ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) qoşunlarının Qazaxıstana gəlməsi Qazaxıstanın müstəqilliyinə
ciddi təhdid deməkdir. Məsələ ondadır ki, etirazlar nəticəsində Qazaxıstanın
birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən
istefa verib. Nursultan Nazarbayev hər nə qədər mübahisəli şəxs olsa da,
prezident Tokayevdən fərqli olaraq milli idi. Nazarbayev Rusiya ilə ortaq hərəkət
etsə də, ən çətin şərtlərdə belə Qazaxıstan üçün mühüm işlər görürdü. Misal
üçün, ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər
adlarının milli adlarla əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini
sıxışdırması və s. Hesab edirəm, Nazarbayevin sonunu gətirən də məhz onun
atdığı bu milli addımlar oldu.
Tokayevdən fərqli olaraq Nazarbayev heç zaman
Rusiyanın Qazaxıstana qoşun yeritməsinə izn verməzdi. Düzdür, Qazaxıstana gələn
təkcə Rusiya hərbçiləri olmasa bu, nəticə dəyişmir. KTMT üzvü olmaq ayrı məsələdir,
KTMT qoşununu ölkəyə dəvət etmək tamam ayrı məsələdir. Tokayev faktiki
Nazarbayevin heç vaxt etməyəcəyi bir səhvi etdi və Qazaxıstanı öz əlləri ilə
Kremlə təhvil verdi.
Kreml SSRİ mahnılarının sədaları altında Türk
dövlətlərinin təşkilatlanmasına zərbə vurdu!
Qazaxıstanda baş verən iğtişalar fonunda bir məqam
xüsusilə diqqət çəkdi. Məsələ ondadır ki, Qazaxıstanda gərginlik yaşanarkən bəzi
rus kanallarında SSRİ dövründəki hava proqnozu, mahnıları səslənirdi. İlk başda
əhəmiyyətsiz bir detal kimi görünsə də, Nazarbayev kimi Türk dövlətlərinin təşkilatlanmasına
mühüm rola malik bir şəxsin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa
verməsi və bu hadisənin baş verdiyi ərəfədə rus kanallarında SSRİ mahnılarını səslənməsi
təsadüfi deyil. Kreml bununla açıqca Türk dövlətlərinin təşkilatlanmasından
narahat olduğunu, təşkilatın güclənərək ona alternetiv bir güc olmasını istəmədiyini
elan etmiş oldu.
Turan Rzayev