Niyə idxal buğdaya möhtac qalmışıq? – Azərbaycanın qarşısında iki seçim var...

Niyə idxal buğdaya möhtac qalmışıq? – Azərbaycanın qarşısında iki seçim var...
2022-ci ilin ilk günlərindən Azərbaycanda unun və çörəyin yeni satış qiymətləri müəyyənləşib. Un və çörək istehsalçıları arasında əldə edilən razılaşmaya əsasən bu ildən unun qiyməti 38-40 faiz, çörəyin qiyməti 25-30 faiz artırılıb. Bahalaşmaya səbəb kimi isə idxal buğdanın qiymətinin kəskin artması göstərilir. 

Sfera.az bildirir ki, Azərbaycan tələbatını ödəmək üçün hər il xaricdən 1-1,5 milyon ton buğda idxal edir. Son bir ildə buğdanın dəyəri xeyli yüksəlib. Ötən ilin əvvəlində bir tonu 183 dollar olan buğdanın qiyməti 2021-ci ilin dekabrında 300 dollara çatıb. 2021-ci ilin yanvarından isə buğdanın qiymətinin 300 dolları ötəcəyi yəqindir. 

Proqnoza görə, idxal buğdasında bahalaşma 2022-ci ilin iyunun sonuna qədər davam edəcək. Bu proqnoz özünü doğruldarsa, Azərbaycan qarşıdakı aylarda daha yüksək qiymətə buğda idxal etməli olacaq. 

Məlumatlardan aydın olur ki, Azərbaycan idxal buğdasına möhtac qaldıqca hər dəfə xaricdə baş verən kəskin qiymət artımlarından əziyyət çəkəcək. Xarici qiymət şoklarından yayınmaq üçün hökmən buğdaya olan tələbatın daha çox hissəsi yerli istehsal hesabına ödənilməlidir. Bu məqsədə çatmaq üçün son illərdə ciddi cəhdlər edilib. Bütün cəhdlərə, dövlətin subsidiya dəstəyinə baxmayaraq, hələ də idxal buğdasından asılılıq səviyyəsi çox yüksəkdir. 

Bəs, Azərbaycan niyə idxal buğdasına möhtac qalıb?

İdxal buğdasına möhtac qalmağımızın yeganə səbəbi istehsalı lazım olan qədər artıra bilməməyimizdir. Azərbaycan müstəqillik dövründə buğda istehsalını 2 dəfədən çox artıraraq 2 milyon tona çatdıra bilib. İlk illərdə 800-900 min ton buğda istehsal edən ölkəmiz son illərdə istehsalı 1,8-2,1 milyon tona çatdırıb. 
Amma istehsalın artmasına baxmayaraq istehlak da artdığından buğda ilə təminatda ciddi dönüş yaratmaq mümkün olmur. 2007-ci ildə 2,7 milyon ton buğda istehlak edən ölkəmizin buğdaya olan tələbatı hazırda 3,45 milyon tondur. Buna görə də idxal buğdasından asılılığımız azalmır. 

Azərbaycanın idxal buğdasından asılılığını azaltması üçün 2 yolu var: ya buğda əkilən sahələr genişləndirilməlidir, ya da məhsuldarlıq 2 dəfə artırılmalıdır. 
Ölkəmizdə 600-650 min hektar sahədə buğda əkilir və hər hektardan 3-3,1 ton buğda yığılır. Əkin sahəsi 1-1,2 milyon hektara çatdırılarsa, mövcud məhsuldarlıqla özümüzü buğda ilə tam təmin edə bilərik. Əgər əkin sahəsini artırmaq mümkün deyilsə, o halda, məhsuldarlığı 5-6 tona çatdırmaqla tələbatımız qədər məhsul istehsal etmək olar. İki şərtdən biri təmin edilməyəcəyi təqdirdə Azərbaycan hər zaman idxal buğdasına möhtac qalacaq. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR