Baydenin bəyanatlarına Rusiyanın cavabı nə olacaq? - "Hərbi toqquşma ehtimalı hər ötən gün artır"

Baydenin bəyanatlarına Rusiyanın cavabı nə olacaq? -
"Baydenin Donbasla bağlı mövqeyi hakimiyyətə gəldiyi ilk gündən məlumdur. Durum yeni mərhələyə keçəndən sonra o, daha qəti bəyanatlar səsləndirdi”.
 
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov ABŞ prezidenti Cozef Baydenlə ukraynalı həmkarı Vladimir Zelenski arasındakı ilin ilk telefon danışığını şərh edərkən deyib. O xatırladıb ki, Ağ Evin yaydığı məlumata görə, Bayden Ukrayna sərhədindəki vəziyyətin pisləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin həlledici cavab verəcəklərini bildirib:

"Bayden ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha vurğulayıb. O, Donbasda gərginliyin azaldılması üçün atılan addımları dəstəkləyib.  Məlumdur ki, Moskva artıq dünyanın baş ağrısına çevrilib. Kremlin ayrı- ayrı yerlərdə separatçı siyasəti, dünya güclərinin xoşuna gəlmir. Rusiya özünü SSRİ-nin varisi kimi aparmaqda davam edir. Hətta bir neçə dəfə müxtəlif rus siyasətçilərinin dilindən SSRİ-nin bərpası barədə səslənən iddialar da təsadüfi deyil".

Vaşinqton Moskvaya qarşı birbaşa düşmənçilik mövqeyindən çıxış edə bilməz. Bu, beynəlxalq ictimaiyyətdə  Bayden administrasiyasının nüfuzuna ciddi zərbə olar. Odur ki, Bayden Putinə qarşı Kiyev "kart"ından istifadə edir. Zelenski bunu başa düşməmiş deyil. Ancaq durum ona da sərf edir. Hazırda Ukraynaya lazım olan ərazi bütövlüyünün bərpası və Rusiyanın zəiflədilməsidir”.

K.Novruzov qeyd edib ki, böyük ehtimalla yaxın gələcəkdə Vaşinqtonun bu məsələdəki mövqeyi dəyişməz olaraq qalacaq:

"Hətta daha sərt, kəskin bəyanatlar səsləndirilə bilər. ABŞ digər regionlarda, o cümlədən Cənubi Qafqazda, Yaxın Şərqdə Rusiyadan istədiyini aldıqdan sonra, bəlkə də, müəyyən qədər neytral davrana bilər. O vaxta kimi isə bu, mümkün görünmür. Doğrudur, Rusiya proseslərin diplomatik yolla həllində maraqlıdır. Amma Ukrayna hələlik qətiyyətli görünür. Həmçinin Qərbin "suları bulandırmaq" səyləri də mümkündür. Odur ki, hətta lokal xarakterli olsa belə, hərbi toqquşma ehtimalı hər ötən gün artır. Bu isə, Rusiya üçün itkisiz başa gəlməyəcək”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR