Ankara-İrəvan münasibətləri Moskvanı narahat edir: Təzyiqlər arta bilər

16:50 / 03.01.2022
2255
"Putin Qafqaz ilə bağlı narahatdır. Türkiyə ilə Ermənistanın yaxınlaşması heç də Kreml rəhbərliyinin ürəyincə deyil. Nəzərə almaq lazımdır ki, bu, Moskvanın bölgədəki mövcudluğunun tədricən azalması deməkdir. Ankara- İrəvan arasındakı normallaşma isə sürətlənir”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Ermənistanın Türkiyə mallarına tədbiq etdiyi sanksiyaları aradan qaldırmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan hava yolu şirkətlərindən biri birbaşa çarter reyslərini təsdiqləyib:
"Bu, ciddi irəliləyişdir. Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalının bu günlərdə verdiyi açıqlamalar da diqqət çəkir. O, bildirib ki, Ermənistanla münasibətlərin normallaşmaması üçün heç bir səbəb yoxdur. Böyük ehtimalla, Türkiyə ilə Ermənistan arasında bu istiqamətdə növbəti addımların yaxın gələcəkdə də şahidi olacağıq. Bu, Paşinyan administrasiyasına da, erməni xalqına da sərf edir. Eyni zamanda əlaqələrin bərpası, şübhəsiz, rəsmi Ankaranın maraqlarına cavab verir”.
Eksperin sözlərinə görə, Türkiyənin Cənubi Qafqazdakı mövcudluğu güclənəcək:
"Eyni zamanda əlaqələrin bərpası xeyli erməninin Türkiyəyə köçməsinə şərait yaradacaq. Bu, qardaş ölkə üçün siyasi və iqtisadi dividentlər deməkdir. Habelə seçkilər ərəfəsində həm Ərdoğanın regional siyasətdəki bu uğuru, həm də Türkiyədəki ermənilərin səsini qazanması onun "əlini xeyli gücləndirəcək".
Bu mənada İbrahim Kalının "Ermənistanın bir tərəfdən Azərbaycanla, bir tərəfdən Türkiyə ilə əlaqələrini normallaşdırması bütün regiona fayda verəcək. Bu, ən çox Ermənistana lazımdır. Çünki Ermənistan kiçik, kasıb, əhalisi az olan, dənizə çıxışı olmayan, ticarət yolları məhdud ölkədir. Azərbaycanla sülh müqaviləsinin imzalanması əlaqələrin yaranması deməkdir. Türkiyə ilə əlaqələrin normallaşacağı təqdirdə sərhəd ticarətindən sərhəd təhlükəsizliyinə, Türk Hava Yollarının uçuşlarına qədər bir çox sahədə inkişaf olacaq.
Turan Rzayev