Putin-Ərdoğan telofon danışığının detalları bəlli oldu: Bu regionlarda əməkdaşlıq davam edəcək

15:16 / 03.01.2022
2134
"Rusiya prezidentinin mətbuat xidməti tərəfindən verilən informasiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutması qeyd edilib. Tərəflər arasında telefon danışığı yeni il münasibətilə gerçəkləşib. Həmin yeni il təbrikindən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı haqda danışarkən deyib.
Onun sözlərinə görə, tərəflər arasında baş tutan telefon danışığında Rusiya və Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyərək bundan sonra də əməkdaşlığı daha da genişləndirməyi planlaşdırmağı təsdiqlədilər:
"Liderlər, həmçinin danışıqlar zamanı beynəlxalq mövzulara, o cümlədən Rusiyanın təhlükəsizliyinə təminat verən hüquqi sazişlərin işlənib hazırlanmasına dair məlum təkliflərə, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya mövcud vəziyyətin nizamlanması məsələlərinə də toxunub və qarşılıqlı şəkildə əldə edilən razılığa əsasən bundan sonra tərəflər arasında şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb.
Türkiyə və Rusiya arasında uzun müddətdir davam edən ikitərəfli əməkdaşlıqla yanaşı regional və qlobal səviyyəli əməkdaşlıq da mövcuddur. Təbii ki, ikitərəfli əməkdaşlıqda diqqəti çəkən əsasən tərəflər arasındakı ticarət dövriyyəsi, S-400 raket sistemi, turist, vaksin mübadiləsi və s. məsələləri əhatə edir.
Eyni zamanda tərəflər arasında regional əməkdaşlıq da mövcuddur. Xüsusilə də Suriyada, Liviyada, Cənubi Qafqazda və s. regionlarda mövcud olan əməkdaşlığı qeyd etmək mümkündür. Bu əməkdaşlıqla yanaşı tərəflər arasında regional rəqabətin olduğunu da qeyd etmək olar. Burada misal olaraq Ukrayna və Balkanları xüsusi vurğulamaq olar. 16 Oktyabr 2020-ci ildə Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri və bu səfər çərçivəsində Türkiyə və Ukrayna arasında hərbi və təhlükəsizlik sahəsində 21 istiqamət üzrə müqavilə imzalandı. Bu müqaviləyə əsasən Ukraynanın Türkiyədən "TB2" PUA-ları alması və Türkiyənin Krım məsələsində tutduğu prinsipial mövqe Rusiyanı ciddi narahat edən məsələlər sırasındadır”.
Politoloqun sözərinə görə, son günlər Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşdırılması heç də Rusiyanın ürəyincə olmasa da, artan iqtisadi çətinliklər və beynəlxalq şərait Rusiyanı vəziyyətlə barışmağa məcbur edir:
"Burada digər önəmli məsələ "altılıq platforma" çərçivəsində əməkdaşlıqdır. Rusiya üçün regional əməkdaşlığın əsas imkanları Türkiyə vasitəsilə həyata keçirilə bilir. Ona görə də Rusiya iqtisadi vəziyyəti və özünə qarşı artan təzyiqləri azaltmaq üçün Türkiyə əsas aktor hesab edilə bilər.
Tərəflər arasında qeyri-stabil münasibətlərə və COVİD-19 pandemiyasının yaratdığı mənfi fəsadlara baxmayaraq 2021-ci ildə ticarət dövriyyəsinin həcmi 30 milyard dollara qədər olmuşdur.
Fikrimcə, tərəflər arasında münasibətlərdə bəzi gərginliklər mövcud olsa da, ümumi dövlət maraqları və təhlükəsizlik baxımından əməkdaşlıq etməyə məcburdurlar”.
Turan Rzayev