"Karqo şirkətləri dövlətin onlar üçün yaratdığı şəraitdən sui-istifadə edirlər" - Qanuna dəyişikliklər edilə bilər

12:40 / 31.12.2021
940
Son günlər Azərbaycanda karqo şirkətləri ilə bağlı şikayətlər çoxalıb. Məhsulların gec gəlməsi, narazılıqlara zamanında reaksiya verilməməsi, problemlərin həll edilməməsi, şirkətin məsuliyyətsiz davranışları istiqamətində vətəndaşlar etiraz dolu fikirlər səsləndirirlər.
Bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, istehlakçıların hüquqları müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub və təəssüf ki, illər öncə qəbul edilmiş qanunda 7 dəfə dəyişiklik aparılıb, hamısı da istehlakçıların hüquqlarını məhdudlaşdıran nəticəyə gətirib çıxarıb:
"Dəyişikliklərin istehlakçılara ancaq zərəri olub. Qanun köhnəlib. Kassik ticarətlə onlayn ticarətin gərgin mübarizədə olduğu şəraitdə sözügedən qanun müasir tələblərə cavab vermir. Ona görə karqo şirkətlərinin, biznes qurumlarının özbaşınalığının səbəbini qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Ümumiyyətlə, istehlakçı hüquqlarını qoruyan qanunlar kompleksi və bu qanunları yerinə yetirən dövlət orqanları təxminən fəaliyyətsiz şəkildə çalışırlar. Əgər bir şirkətdən şikayət olarsa, uyğun dövlət qurumu gedib orada yoxlama keçirmək üçün gərək Ədliyyə nazirliyinə müraciət etsin, nazirlik qarşı tərəfə məlumat versin, 5 gündən sonra qurum yoxlama keçirib istehlakçı hüquqlarını müdafiə edə bilər. Mən bununla qətiyyən razı deyiləm. Yəni istehlakçı hüquqlarının belə əcayib formada guya qorunması yanlışdır”.
Müsahibimiz bildirib ki, karqo şirkətləri dövlətin onlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edirlər:
"Karqo şirkətləri ilə bağlı gələn şikayətlərin analizi göstərir ki, birinci, mal sifariş verilsə də, şirkət onu gətirib çıxarmır. Görünür, mal verənlə karqo şirkətləri arasında normal müqavilələr yoxdur. İkincisi, mal itirilib və şirkətdən heç kim buna cavabdehlik daşımır. Üçüncüsü, mal gəlib, lakin istehlakçının tələbatına uyğun deyil, yenə heç kəs dəyişməyə, qaytarmağa yaxın durmur. Halbuki qanunla istehlakçının karqo şirkəti ilə aldığı məhsulları dəyişmək və qaytarmaq hüququ var. Yaxud mal gəlib, ancaq sındırılıb, gəl sübut et ki, bunu evimdə etməmişəm, karqo şirkətinin günahıdır. Bütün bunlar hamısı açıq qalmış məsələlərdir. Karqo şirkətlərindən şikayətlər daim davam edir. Düşünürəm ki, bu sfera yaxşılaşdırılmalı və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun mütləq dəyişməli, müasir tələbələrə cavab verən şəkildə olmalıdır. Buna nəzarət edən dövlət orqanlarının cəld reaksiya mexanizmi olmalıdır”.
Günay Rəsulqızı
Sfera.az