Əksər ölkələrdə inflyasiya səviyyəsi yüksəlib - SƏBƏBLƏR

Əksər ölkələrdə inflyasiya səviyyəsi yüksəlib - SƏBƏBLƏR
2021-ci ildə dünyanın əksər ölkələrində inflyasiya təzyiqləri yüksəlib. 

İnflyasiyanın yüksəlməsinə pandemiya ilə əlaqədar müvəqqəti tələb-təklif uyğunsuzluğu, qlobal birja qiymətlərinin sürətli artımı, dəyər zəncirində qırılmalar, daşınma və logistika xərclərinin yüksəlməsi səbəb olub. 

Sfera.az bildirir ki, noyabrda illik inflyasiya hədəflə müqayisədə ABŞ-da 3,4 dəfə, Avrozonada 2,5 dəfə, Rusiyada 2,1 dəfə, Qazaxıstanda 1,5 dəfə, Belarusda 2,1 dəfə, Ukraynada 2,1 dəfə, Gürcüstanda 4,2 dəfə, Türkiyədə isə 4,3 dəfə yüksək olub. 

Bu şəraitdə bir sıra ölkələrdə mərkəzi banklar inflyasiya təzyiqlərini nəzərə almaqla pul siyasətini sərtləşdirir. İlin əvvəlindən indiyədək mərkəzi banklar tərəfindən 108 dəfə əsas faiz dərəcələri artırılıb. 

2021-ci ildə dünya bazarında əmtəə qiymətlərinin əhəmiyyətli yüksəlməsi müşahidə edilir. Dünya Bankının (DB) əmtəə bazarları haqqında son məlumatlarına əsasən, 2021-ci ilin noyabrında ötən ilin eyni dövrü ilə müqayisədə enerji qiymətləri 2,1 dəfə, qeyri-enerji qiymətləri 24,7% artıb. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə noyabrda dünya ərzaq qiymətləri illik əsasda 27,3% yüksəlib. Bir sıra ərzaq ixracatçılarında iqlim şəraitinin pisləşməsi də dünya ərzaq qiymətlərinə artırıcı təsir edir.
 
Daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması dünyada inflyasiya proseslərinin güclənməsinin əsas səbəblərindən biri kimi çıxış edir. Cari ilin noyabrında 1 konteynerin daşınma xərcləri ötən ilin eyni dövrünə nəzərən 4 dəfədən çox yüksəlmiş, xammalın və hazır məhsulun çatdırılma müddəti isə 2 dəfəyə yaxın yüksəlib. 

Qlobal iqtisadi aktivliyin artması şəraitində neftə tələbdəki yüksək artımla müqayisədə "OPEC+” razılaşması çərçivəsində təklifin konservativ artırılması neftin qiymətinə artırıcı təsir edib. "Brent” markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 71 dollar təşkil edib ki, bu da ötən ilin orta qiymətindən (43 dollar) 65% çoxdur. Enerji daşıyıcılarının bahalaşması enerji idxalçısı olan ticarət tərəfdaşı ölkələrində inflyasiya proseslərini sürətləndirir.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR