ABŞ-dan Ankara və Bakıya əsassız ittihamlar – Baydenin imzaladığı sənəd qalmaqal yaratdı

11:38 / 30.12.2021
5237
ABŞ Prezidenti Co Bayden 2022-ci maliyyə ili üçün təxminən
770 milyard dollarlıq müdafiə büdcəsi qanununu imzalayıb.
Konqresmen Frank Pallone isə "Twitter"
hesabında ABŞ Prezidenti Co Baydenin ötən gün imzaladığı yeni müdafiə büdcəsi
qanununda Türkiyə və Azərbaycanın Dağlıq Qarabağda hərbi cinayətlər törətməkdə
məsuliyyət daşımasına dair bəzi ifadələrin olduğunu iddia edib.
"Baydenin dünən imzaladığı NDAA sənədində Azərbaycan
və Türkiyəni "Artsax”da törətdikləri hərbi cinayətlərə görə məsuliyyət daşımağa
yönəlmiş bəzi mühüm bəyanatlar var. Bu cinayətlərin açılmasında tələb olunan
hesabatların dəqiq olmasını təmin etmək üçün səy göstərməyə davam edəcəyəm”, - deyə
Pallone bildirib.

Türkiyənin "Sözcü” agentliyinin xəbərinə görə, sənəddə
Azərbaycan-Ermənistan gərginliyində silahdan istifadə ilə bağlı hesabat tələb
olunur və tərəflərin beynəlxalq hüquqlarla bağlı öhdəliklərinə əməl etməli
olduqları bildirilir.
Ermənistanın rəsmi radiosu "Public Radio of
Armenia" Konqresdə bu ayın əvvəlində qəbul edilən Milli Müdafiə Səlahiyyəti
Qanununda (NDAA) Türkiyə və Azərbaycana qarşı dörd ittihamın yer aldığını iddia
edib.
Şübhəsiz ki, 4 iddianın hər biri qərəzlidir və birbaşa
erməni diasporu və lobbisinin sifarişi əsasında hazırlanaraq qanun layihəsinə təqdim
edilib. Prinsip etibarilə, ABŞ konqresmeni Frank Pallone özü də Konqresə erməni
disaporu və lobbisinin dəstəyi ilə seçilib. Aydın məsələdir ki, nə Frank
Pallone, nə də onun kimi erməni maliyyəsi hesabına seçilən konqresmenlər 44
gülük müharibə və müharibədən sonrakı reallıqları yaxşı bilmir.
Birincisi, ittihamda qeyd edilir ki, ötən il Ermənistanla
44 günlük müharibədə istifadə edilən Türkiyənin "Bayraqdar"
PUA-larında ABŞ-a məxsus hissələrdən istifadə edilib. "Bayraqdar"
PUA-larında ABŞ-a məxsus hissələrdən istifadə edilib-edilməməsi haqda bir şey
demək çətindir. Hər halda bunu Türkiyə rəmiləri daha yaxşı bilər. Lakin bu
silahlar artıq bir çox ölkəyə satılıb. Azərbaycan da bu silahları ən çox alan
ölkələrdəndir. Rəsmi Bakı Türkiyədən bu PUA-ları pulsuz almayıb. Alınan malın
mülkiyyəti sövdələşmədən sonra alan şəxsə və ya ölkəyə məxsusdur. Azərbaycan
"Bayraqdar" PUA-larından nə cür istifadə etmək üçün Vaşinqtondan icazə
alası deyili. ABŞ tərəfinin narazılığı var idisə, bunu ilk başda, PUA-lar
satılanda və ya 44 günlük müharibə zamanı etməli idi. İndi belə bir iddianın irəli
sürülməsinin nə mənası var, nə də əhəmiyyəti.

İkincisi, iddia olunur ki, Azərbaycanın erməni əsgərlərini
qanunsuz olaraq saxlayıb və işgəncələrə məruz qoyub. Sual olunmalıdır ki, Azərbaycan
erməni əsgərlərini necə qanunsuz saxlaya bilər? 44 günlük müharibə zamanı
saxlanılan və ya döyüşlər zamanı ələ keçirilən erməni əsgər və zabitləri hərbi əsir
kimi saxlanılıb. 44 günlük müharibə sonrası saxlanılan ermənilər isə heç bir
halda hərbi əsir deyil, bu statusu ala da bilməz. O ki qaldı bu şəxslərə işgəncə
verilməsinə, rəsmi Bakı istər hərbi əsirlər, istərsə də diversantların yeri,
saxlanma şəraiti, səhhəti ilə bağlı mütəmadi olaraq bütün beynəlxalq humanitar
təşkilatlara məlumat verib. Bu haqda detallı bilgilər onların hesabatlarında da
var.
Üçüncüsü, Türkiyənin Azərbaycana dəstək üçün bölgəyə
qoşun yeritdiyi iddia olunur. Türkiyənin nə 44 günlük müharibə zamanı, nə də
sonra Azərbaycanda qoşunu olmayıb. Məsələ ondadır ki, Azərbaycanın modern
ordusunun ən yeni nəsil silahları var. Ermənistanla müharibə aparmaq,
torpaqlarımızı işğaldan azad etmək üçün qardaş Türkiyənin qoşununa ehtiyacımız
yox idi. Digər tərəfdən, qardaş ölkənin hərbi yardımına ehtiyacımız olsa idi, bunu
açıq şəkildə istəməkdən çəkinməzdik. İki ölkə arasında qarşılıqlı yardım haqda
müvafiq sazişlər, razılaşmalar var. Azərbaycan zərurət yarandıqda Türkiyədən hər
an hərbi yardım istəyə bilər.

Dördüncüsü, Azərbaycanın davam edən zorakılıqlara görə
beynəlxalq qanunları və razılaşmaları pozduğu iddia edilir. Azərbaycan nə 44
günlük müharibə, zamanı nə də hazırda beynəlxalq hüquqa zidd hansısa addım
atmır. 44 günlük müharibəni leqallaşdıran BMT TŞ müvafiq 4 qətnaməsi idi. Digər
tərəfdən, Ermənistanın beynəlxalq
hüquqla tanınan Azərbaycan ərazisini işğal etməsinə 27 il səssiz qalmaq özü
beynəlxalq hüquqa zidd addımdır. Hazırda sərhədlərin demarkasiya və
delimitasiya prosesi gedir. Bu proses isə tarixi xəritələr, eyni zamanda peyk
görüntüləri əsasında aparlır. Mübahisəli məsələlər birgə komissiya ilə tənzimlənir. Rəsmi
Vaşinqtonun bu məsələyə belə qərəzli mövqe sərgiləməsi isə heç bir məntiqə
sığmır.