Elnur Allahverdiyev informasiya müharibəsində iştirak edən tələbələri diplomla təltif etdi - FOTOLAR

Elnur Allahverdiyev informasiya müharibəsində iştirak edən tələbələri diplomla təltif etdi - FOTOLAR
"Düz 1 il əvvəl, dekabrın 29-da "Qorqud” Vikipediya Metodik Klubun əsasını qoyduq. Dövlətimiz Ermənistanla müharibədə qələbə qazanmışdı, işğalçını torpaqlarımızdan qovmuşduq. Ancaq hamımız bilirik ki, əsrlərdir torpağımıza, tariximizə, mədəniyyətimizə, mətbəximizə göz dikmiş düşmənlə informasiya müharibəmiz hələ davam edir”.
 
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. O qeyd edib ki, döyüş meydanında məğlub olan düşmən tarixi saxtakarlığa əsaslanan məkrli niyyətlərini daha kəskin aqressiya ilə informasiya məkanında sürdürəcək:

"44 günlük müharibədən sonra Vikipediyaya nəzər yetirdikdə gördüyümüz ilk fakt bu oldu: iki ay ərzində Vətən müharibəsinə dair ingilis dilli məqaləyə 3 milyondan çox baxış olmuşdu. Məhz bu statistika bizi Vikipediya platformasında könüllülük əsasında fəaliyyət göstərməyə həvəsləndirdi, stimul verdi. Ötən il ərzində ekspertlərimiz Sübhan Xıdırzadə və Ayxan Zaidzadənin rəhbərliyi ilə keçən təlimlərimizə yüzlərlə gənclərimiz qatılıb, onların bir qismi Vikipediyada onlarla məqalələr yaradıblar. Biləsüvar və Gədəbəydən olan gənclərimiz Vətən müharibəsi şəhidlərimizin adlarını açıq ensiklopediyaya daxil edib, onlar barədə məqalələr yaradıblar. Almaniyada, Özbəkistanda və Gürcüstandakı soydaşlarımız "Qorqud”a qoşularaq yaşadıqları ölkələrin dövlət dillərində Azərbaycana həsr edilmiş məqalələr yaradaraq Vikipediyada yerləşdiriblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllim və tələbə heyəti tərəfindən xüsusi qrup yaradılıb və təlimlərimizdə iştirak edib. Bugünədək könüllülərimiz ingilis dilindən tutmuş xorvat dilinədək müxtəlif dillərdə 1015 məqalə yaratmağa müvəffəq olublar. Minlərlə məqaləyə əlavələr ediblər. Azərbaycan dilində yaradılan məqalələrin sayı 400-ü keçib. İngilis və rus dillərini mükəmməl bilən dostlarımız fəaliyyətimizə dəstək verərək bu dillərə onlarla məqalə təcürmə ediblər”.

Deputat bildirib ki, ötən gün  Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı ilə birgə keçirilən tədbirdə ötən 1 ilin hesabatı dinlənilib:

"Həmkarlarım Ramil Həsən, Naqif Həmzəyev, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla birlikdə təlimlərdə fəallıqları ilə seçilən BDU-nun tarix və jurnalistika fakültələrinin tələbələrini diplomlarla təltifləndirdik. Hər birimiz Vətən qarşısında üzərimizə düşən və gücümüz çatan formada borcumuzu verməliyik. 1 il əvvəl bunu cəngavər döyüşçülərimiz etdilər. İndi xüsusilə informasiya cəbhəsində bunu hər birimiz, xüsusilə də gənclərimiz edə bilər. Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını nəzərə alsaq, "Qorqud” kimi platformalar bu istiqamətdə əlverişli intellektual müstəvidir”.


 

 

 

OXŞAR XƏBƏRLƏR