Dollar 7 faizdən çox BAHALAŞIB – 2022-ci ildə manat ucuzlaşacaq?

13:20 / 29.12.2021
692
Dünyanın əsas valyutası hesab edilən ABŞ dolları 2021-ci ildə 7 faizdən çox bahalaşıb.
Sfera.az bildirir ki, dolların aparıcı valyutalara qarşı ortaq məzənnəsini əks etdirən Dollar İndeksi ilin əvvəlində 89,9 olduğu halda ilin sonunda 96,22 səviyyəsinə çatıb. İl ərzində indeks 6,32 vahid və ya 7,03 faiz yüksəlib.
İl ərzində Dollar İndeksi ən yüksək səviyyəyə noyabrın 24-də çatıb. Həmin tarixdə indeks 96,9 olub.
Dolların bahalaşması avro ilə olan məzənnədə də müşahidə edilib. İlin əvvəlində bir avro 1,22 dollar təşkil edirdi. Amma hazırda avro/dollar kursu 1,13 səviyyəsinə düşüb. İl ərzində avro dollara nəzərən 7,4 faiz ucuzlaşıb.
Azərbaycanda isə dolların məzənnəsində artım qeydə alınmayıb. Əkinə dolların bahalaşması səbəbindən əksər valyutaların manata qarşı olan məzənnəsi aşağı düşüb. Məsələn, avro bir il əvvəl 2,1 manata dəyişdirilirdisə, ilin son günlərində 1,92 manata dəyişdirilir. Ölkəmizdə avro manata nəzərən 8,5 faizdən çox ucuzlaşıb.
2022-ci ildə də dolların bahalaşacağına dair ciddi gözləntilər var. Çünki həm ABŞ-da, həm də digər ölkələrdə yüksək qiymət artımları müşahidə edildiyindən ABŞ mərkəzi bankı FED sərt pul-kredit siyasətinin tətbiqinə başlayacaq.
ABŞ-da illik inflyasiya 6 faizi ötüb və bu, son 50 ilin ən yüksək qiymət artımıdır.
Yüksələn inflyasiyanı zəiflətmək üçün FED dollar emissiyasını azaldacaq, bir neçə aydan sonra isə faizlər artırılacaq. Hazırda faizlər 0-0,25 həddindədir. FED rəsmiləri 2022-ci ildə faizlərin artırılmasına dair 3 qərarın qəbulunu mümkün hesab edir. Bu gözləntilər özünü doğruldarsa, faizlər 1-1,25 həddinə çatacaq və dollar gələn il bir qədər də bahalaşacaq.
Dolların bahalaşması əmtəələrin ucuzlaşmasına və bununla da inflyasiya səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.
FED-in faizləri artırması Azərbaycanda dolların bahalaşmasına səbəb olmayacaq. Çünki ölkəmizdə dollar/manat məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyən edilir və bu zaman əsas kimi tədiyə balansı götürülür. Əgər tədiyə balansında, xüsusən də onun əsas hissəsi olan cari əməliyyatlarda kəsir yaranarsa, manat ucuzlaşdırıla bilər. Amma 2021-ci ilin yekunları və 2022-ci ilə dair proqnozlar belə deməyə əsas verir ki, tədiyə balansında kəsir olmayacaq və Azərbaycanda dolların bahalaşması ən azı daha bir il baş verməyəcək.
Xatırladaq ki, dollar/manat məzənnəsi 2017-ci ilin mart ayından sabitdir.
Vasif
Sfera.az