Lirə son bir həftədə daha stabil kursa necə sahib oldu? - Açıqlama

İqtisadiyyat
12:43 / 29.12.2021
656
"Lirənin dollara nisbətən məzənnəsində müşahidə
edilən volatillikdən sonra Türkiyə valyutasının kursunun necə dəyişəcəyi
müzakirə edilən məsələlərdəndir. ABŞ valyutasına nisbətən bu il dekabrın 20-dək
kəskin ucuzlaşan lirə son 1 həftədə daha stabil kursa malik oldu. Lirəni ucuzlaşdıran
səbəblər hələ də, praktik olaraq, qalmaqdadır. Türkiyənin cari hesablaşmalar
balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması və siyasi
faktorlar”.
Sfera.az xəbər verir ki, bunu açıqlamasında
Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat hesab edir ki, lirənin son günlər
stabil kurs nümayış etdirməsi daha çox qardaş ölkədə Mərkəzi Bankın
intervensiyası ilə əlaqələndirilir:
"Amma üzən məzənnə sisteminə malik olan ölkələrdə
heç bir Mərkəzi Bank intervensiya yolu ilə milli vlayutanı uzun müddət stabil
saxlamaq imkanına malik ola bilməz. Valyuta bazarındakı stabillik üçün bazarın
özünün dollar təklifinin artmasına ehtiyac var. Bu baxımdan, lirənin növbəti dövrlərdə məzənnəsi
birbaşa Türkiyəyə daxil olan valyutanın həcmindən, qardaş ölkənin ixracat
imkanlarından və təbii ki, Qərb dövlətləri ilə münasibətlərin səviyyəsindən
asılı olacaq. Çünki Türkiyə iqtisadiyyatına daha çox sərmayə cəlbi lirə üçün
stabillik yarada bilər. Bütün mövcud faktorları nəzərə alsaq, təəssüf ki, hələ
də lirənin baş üzərindəki "təhlükə” qalmaqdadır. Təbii ki, Türkiyə Mərkəzi
Bankı növbəti dövrdə də milli valyutanın məzənnəsində kəskin volatilliyin baş
verməməsi üçün intervensiya alətlərdən istifadə edə bilər”.
V. Bayamovun sözlərinə görə, türk lirəsinin ucuzlaşması
Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməsə də həm iqtisadi, həm də
psixoloji baxımdan qardaş ölkədə milli valyutanın dəyərsizləşməsi bizim üçün
arzuolunan deyil:
"Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən
böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi
2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın
qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın
qeyri-neft ixracatının təxminən 33 faizə yaxını Türkiyə bazarına yönəlib.
Turan Rzayev