Goranboy bələdiyyəsi qoruq ərazisindəki gölü qurudub - Nazirlik müdaxilə etdi / FOTOLAR

Goranboy bələdiyyəsi qoruq ərazisindəki gölü qurudub - Nazirlik müdaxilə etdi / FOTOLAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəznində olan Korçay Dövlət Təbiət Qoruğu ərazisindəki Qarasuçu adlı gölün məqsədli olaraq qurudulduğu bildirilir.
 
Sfera.az-a daxil olan məlumatda qeyd olunur ki, qoruğun ərazisinə fiziki şəxslər daxil olub, şəxsi  məqsədlər üçün gölə balıq buraxıb, daha sonra gölü qurudublar. Məlumatda qeyd olunur ki, qoruğun direktoru bütün bunlara səssiz qalır.

Gölün quruma səbəbləri və sadalanan faktların reallığa nə qədər uyğun olduğunu öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 
Məsələ ilə bağlı saytımıza açıqlama verən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova gölə bələdiyyə nümayəndələri tərəfindən müdaxilə olunduğunu və hazırda ciddi nəzarət sisteminin tətbiq olunduğunu bildirib: 

"Gölün təxminən iki hektar ərazisi var və burada su stabil deyil. Belə ki, ilin fəsillərindən, yağıntının miqdarından asılı olaraq, suyun səviyyəsində artma, azalma və hətta quruma müşahidə olunur. Elə illər olub ki, yağıntı az olub və gölün suyu tamamilə quruyub. 

Gölə bələdiyyə tərəfindən ötən ay müdaxilə olunub. Belə ki, gölə nasos qoyulub və balıq buraxılıb. Lakin bələdiyyə tərəfindən edilən bu müdaxilənin qarşısı dərhal alınıb və  10 saylı Regional Ekologiya İdarəsinin və Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşlarının birgə iştirakı ilə müdaxilə etmək istəyən insanlara qanunamüvafiq tədbirlər görülüb,  göstərişlər verilib. Hazırda gölə müdaxilə yoxdur və nəzarət sistemi tətbiq olunub”. 
 
Qeyd edək ki, Korçay Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli sərəncamı ilə Goranboy rayonunun inzibati ərazisində yaradılıb.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR