Banklar əhalini kartlarla kredit almağa həvəsləndirir

Banklar əhalini kartlarla kredit almağa həvəsləndirir
Cari ildə də əhalinin banklardan plastik kartlarla aldığı kreditlərin həcmi kəskin şəkildə artır.
 
Sfera.az bildirir ki, 11 ay ərzində əhalinin vaxtında ödənilən kredit borcu 173,4 milyon manat artaraq 737 milyon manata çatıb. Kartlarla alınan kreditlər üzrə yaranan borc 2020-ci ilin sonunda 563,6 milyon manat idi. On bir ay ərzində kart kreditləri 31 faiz artıb. 
 
Kartlarla kredit verilişinin artması Azərbaycanda rəsmi əmək münasibətlərinin genişlənməsi və elektron ticarətə marağın artması ilə bağlıdır. Bəzi banklar yaranan əlverişli vəziyyətdən bəhrələnərək plastik kartlarla taksitli (hissə-hissə ödəmək) alış-verişi stimullaşdırır. Bu cür kartlara sahib olan şəxslər tərəfdaş mağazalarda ticarət etməklə həm faiz ödəmir, həm də aldıqları və ya istifadə etdikləri xidmətin haqqını hissə-hissə ödəmək imkanı qazanır.
 
Taksit kartlarının verilməsinin sadələşdirilməsi də insanlarda marağı artıran əlavə səbəbə çevrilib.
 
Dinamika göstərir ki, plastik kartlarla alınan kreditlərin həcmində yüksək artım növbəti illərdə də davam edəcək. Bu qənaəti son 5 il ərzində plastik kartlarla alınan kreditlərin həcminin 3 dəfə, eyni zamanda davamlı artması yaradır.
 
Ödəniş kartları ilə verilən kreditlərin həcmi 2017-ci ildə 250,6 milyon manat olduğu halda, 2018-ci ildə 407 milyon manata, 2019-cu ildə 519 milyon manata, 2020-ci ildə 564 milyon manata yüksəlib. 2020-ci ildə ölkəmizdə, o cümlədən əhaliyə verilən kreditlərdə azalma qeydə alındığı halda, ödəniş kartlarla ayrılan kreditlərin həcmi artıb.
 
Artım sürəti nəzərə alınarsa, plastik kartlarla verilən kreditlərin həcmi bu il 775 milyon manatı, 2022-ci ildə isə 1 milyard manatı ötəcək.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR