Azərbaycanlılar pulu niyə “yastıq altında” saxlamağa üstünlük verir? – “Banklara etimad yoxdur...”

14:39 / 21.12.2021
511
Son günlər evlərdən külli miqdarda pulların
oğurlanması ilə bağlı məlumatlarda intensivləşib. Bu o deməkdir ki, insanlar hələ
də banklara güvənmir və topladıqları vəsaitləri evlərində saxlamağa üstünlük
verirlər.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən
iqtisadçı Natiq Cəfərli deyib ki, pandemiya dövründə 4 bankın bağlanması bank
sektoruna olan güvəndə ciddi problem yaradıb:
"Bundan öncə də bir neçə bankın bağlanmasının
şahidi olmuşuq. Təbii olaraq, vətəndaşların bir qismində bankda vəsaitlərin
saxlanması ilə bağlı suallar yaranıb. Həmçinin zaman-zaman bağlanan banklarda
depoziti olan vətəndaşlar onların geri alınması istiqamətində ciddi maneələrlə
rastlaşıblar, vaxt itiriblər, əsəbləri gərilib. Söhbət 10 minlərlə vətəndaşdan
gedir, çünki son illəri götürsək, bağlanan bankların sayı 10-dan çoxdur. Ciddi
izahı olmadan belə addımların atılması bank sektoruna olan güvəni zədələyən amildir.
Güman ki, son zamanlar vətəndaşların bir qismi obrazlı desək, yastıq altında
pul saxlamağa daha çox üstünlük verirlər”.
Müsahibimiz qeyd edib ki, digər tərəfdən Azərbaycanda
valyuta ilə depozitlərin faizləri çox aşağı salınıb:
"Bu, dollarlaşmanın qarşısını almaq üçün
atılan addım idi, insanları manata keçidə, onunla depozitə qoymağa təşviq
edirdilər. Dollarla depozit faizi illik 1-1,5 faizdir, yəni 10 min dollar
qoysan, 100 dollar qazanırsan. Vətəndaşlar riski gözə alıb 100 dollara görə
valyutasını banklarda depozitə qoymaq istəmir və valyuta ilə olan depozit fazilərinin
aşağı olması da ciddi problemdir. Nəticə etibarilə, vətəndaşlar vəsaiti gözlərinin
qarşısında saxlamağa üstünlük verirlər,
bu da zaman-zaman oğurluq hallarının artmasına gətirib çıxarır”.
İqtisadçı düşünür ki, güvənin yaranması üçün Mərkəzi
Bank və Banklar Assosasiyası müəyyən addımlar atmalıdır - cəlbedici
proqramların, aksiyaların olmasın ehtiyac var:
"Məsələn, Türkiyədə lirə ilə bağlı nə qədər
problem olsa da, banklar yerli televiziyalarda ən çox reklam satan sahələrdən
biridir. Onlar insanları həm depozitə, kreditə və başqa əməliyyatlara təşviq
edirlər. Bizdə banklarla bağlı ciddi kampaniya da yoxdur, insanlara pozitiv
mesajlar az verilir. Düşünürəm ki, birinci növbədə bu məsələ həllini
tapmalıdır. İkincisi isə, valyuta ilə olan depozitlərin faiz dərəcələrinin bu qədər
aşağı olması doğru deyil. Bu istiqamətdə də Mərkəzi Bank və Banklar
Assosiasiyasının birgə addımlar atmasında fayda var”.