Emal sənayesinin inkişafı ixracı artırır: 2022-ci ildə hansı müsbət nəticələrini görəcəyik?

Emal sənayesinin inkişafı ixracı artırır: 2022-ci ildə hansı müsbət nəticələrini görəcəyik?
2014-2016-cı illərdə, həmçinin 2020-ci ildə neftin ucuzlaşması Azərbaycanda emal sənayesinin inkişafının önəmini bir daha təsdiqləmiş oldu. Qabaqcıl ölkələrin də təcrübəsinə əsaslanıb deyə bilərik ki, güclü iqtisadiyyatı inkişaf etmiş emal sənayesiz təsəvvür etmək olmaz. Davamlı inkişaf, əhalinin məşğulluğunun yaxşılaşdırılması, ölkənin ixrac qabiliyyətinin yüksək səviyyədə saxlanılması, elmin inkişaf etdirilməsi, daxili bazarda gündəlik istehlak mallarının qiymətinin münasib olması və s. məqsədlər üçün emal sənayesinin inkişaf etdirilməsi vacibdir. 

Sfera.az bildirir ki, bu mühüm cəhətlərinə görə sənayenin inkişafı dedikdə, daha çox emal sənayesinin inkişaf etdirilməsi nəzərdə tutulur. 

Ümumiyyətlə, sənaye iki böyük sahədən - hasil edən və emal edən sənaye sahələrindən ibarətdir. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft və qaz yataqlarını, xammal və yanacaq (kömür və s.) məhsullarının çıxarılmasını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. 

Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neftkimyası məhsulları, maşın və avadanlıqlar, elekton avadanlıqların istehsalı, məişət texnikasının istehsalı, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildir. 

Emal sənayesi kənd təsərrüfatında və mədənçilikdən əldə edilən məhsulların işləndiyi, bu məhsulları istifadəyə yararlı və müxtəlif sahələrdə istifadəyə hazır vəziyyətə gətirildiyi sahədir. Emal sənayesi, mürəkkəb bir kompleks olub özündə 300-dən artıq sahə və yarımsahəni birləşdirir. Emal sənayesini qruplaşdırsaq, onu 4 bölməyə konstruksiya materialları və kimyəvi məhsullar istehsalı, maşınqayırma və metalemalı, yüngül sənaye, yeyinti sənayesinə də ayıra bilərik.
 
Emal sənayesinin quruluşunda ağır və yüngül sənaye sahələri kimi də bölgü aparılır. Sənayenin bu sahəsinin ÜDM-də payı hər bir ölkə üçün önəmli göstəricilərdən sayılır. 

Emal sənayesinin ÜDM-də payının az olması 3 halda baş verir: ya həmin ölkədə hasilat sənayesinin payı böyük olur, ya emal sənayesi çox zəif olur, ya da xidmət sektoru daha yüksək inkişaf səviyyəsinə çatır. Dünya praktikasında qəbul olunan normalara görə, diversifikasiya olunan iqtisadiyyatda emal sənayesinin ÜDM-də xüsusi çəkisi 20%-dən az olmamalıdır. Bu nisbətin aşağı olması və hasilat sənayesinin ÜDM-də xüsusi çəkisinin müvafiq olaraq yüksək olması iqtisadiyyatın xammala əsaslandığını əks etdirir. 

Xidmət sahəsinin dəyəri maksimum həddə çatan ölkələrdə də emal sənayesinin ÜDM-də payı azalır. Bir qayda olaraq bu yüksək inkişaf etmiş ölkələrdə müşahidə edilir. 

İnkişaf etmiş ölkələrdə emal sənayesinin payı 20-25 faiz səviyyəsindədir. Bəzilərində 15 faizə qədər azalır. Xidmət sektorunun dəyəri yüksələn ölkələrdə emal sənayesinin ümumi iqtisadiyyatda payının daha az olduğu məlumdur. 

İnkişaf etməkdə olan ölkələrdə isə nisbət 20 faizdən az olmasa da, 30 faizə də çatmır. 
Emal sənayesinin ÜDM-də payının daha yüksək olduğu ölkələr keçid dönəmini yaşayan ölkələrdir. Bu ölkələrdə nisbət 30-45 faiz səviyyəsindədir. 

Azərbaycanda emal sənayesində böyümə sürəti güclənib

Təəssüflə qeyd edilməlidir ki, Azərbaycanda emal sənayesinin vəziyyəti ürəkaçan deyil. Ölkəmizdə sənaye dedikdə hasilat sənayesi daha çox xatırlanır. 

2021-ci ilin 11 ayında Azərbaycanda sənayedə yaradılan əlavə dəyərin (ÜDM) həcmi 33,6 milyard manat olub. Onun 15,1 faizi emal sənayesində formalaşıb. Emal sənayesinin ÜDM istehsalında payı isə 6,3 faiz təşkil edib. 

Emal sənayesinin ÜDM-də payı əvvəlki illərlə müqayisədə kəskin dəyişməyib. 2005-ci ildə ÜDM-nin 6,5 faizi, 2011-ci ildə 4,4 faizi emal sənayesində yaradılmışdı. 
 
Azərbaycanda emal sənayesinin ÜDM-dəki payının kiçik olması ilk növbədə iqtisadiyyatda struktur islahatların aparılması ilə izah edilir. Belə ki, köhnə emal sənaye müəssisələrinin bağlanması və ya tam sıradan çıxması ilə paralel yalnız son bir neçə ildə yeniləri istismara verilib ki, bunların da ümumi iqtisadiyyatda payı hələlik kiçikdir.

Qeyd edək ki, emal sənayesinin inkişaf imkanlarının geniş olması bu sahədə böyümə sürətini asanlaşdırır. Məsələn, bu il iqtisadiyyat 5,3 faiz böyüsə də, emal sənayesində böyümə 22 faiz təşkil edib. Qeyri-neft bölməsində isə böyümə daha güclüdür. Burada 2021-ci ildə böyümə 25,5 faiz olub. 

Ümumilikdə, emal məhsullarının 73 faizə yaxını qeyri-neft məhsullarıdır ki, bu da 2005-ci ildəki 45 faizlik göstəricidən xeyli yaxşıdır. 

Azərbaycanda emal sənayesi dedikdə, yada qida və neft məhsullarının emalı düşür. Bu iki sahə cəmi istehsalın 55 faizini verir. Lakin son iki-üç ildə geyim, kimya, tikinti, metallurgiya, elektrik avadanlıqların istehsalı, maşınqayırma kimi sahələrdə də istehsalın artması müşahidə edilir. İnkişaf əlamətlərinə baxmayaraq, hazırda Azərbaycanda emal sənayesinin vəziyyəti tərifəlayiq deyil. Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə qeyri-neft sektoru üzrə biznesin inkişafı üçün emal sənayesinin gücləndirilməsi vacibdir. Emal sənayesinin inkişafı həm də ixracın artmasına təkan verər. Bu il qeyri neft-qaz sektoru üzrə ixracın 2,6 milyard dollara çatacağı gözlənilir. Ötən illə müqayisədə bu, 50 faizə yaxın artım deməkdir. Artımın əldə edilməsi daha çox emal sənayesinin hesabına təmin edilib. 

Vasif CƏFƏROV
Sfera.az
 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb. 

Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi


OXŞAR XƏBƏRLƏR