Ət də BAHALAŞACAQ? - Bütün ərzaq növlərində böyük qiymət artımı var

Ət də BAHALAŞACAQ? - Bütün ərzaq növlərində böyük qiymət artımı var
2021-ci ilin noyabr ayında ət və ət məhsulları istisna olmaqla bütün əsas ərzaq məhsullarında ikirəqəmli inflyasiya qeydə alınıb. Əsas məhsul növlərində yüksək qiymət artımı ümumilikdə qida məhsullarının 15,2 faiz bahalaşmasına səbəb olub. 

Sfera.az bildirir ki, bu il ərzaq mallarında bahalaşma son 4 ilin ən yüksək səviyyəsinə çatıb. Bahalaşmanın bu səviyyəyə çatmasında əsas rolu tərəvəz qiymətlərindəki artım oynayıb. 

Tərəvəzlər noyabrda ötən ilin eyni ayına nisbətən 59,1 faiz bahalaşıb. Tərəvəzlərlə yanaşı qiymətlər balıq və balıq məhsullarında 10,3 faiz, meyvələrdə 11 faiz, şirniyyatda 12 faiz, yağlarda 12,5 faiz, süd və süd məhsullarında 13,3 faiz artıb. Çörək və çörək məhsullarında bahalaşma 9,5 faiz, ət və ət məhsullarında bahalaşma 3,5 faiz təşkil edib. 

Əsas ərzaq məhsullarında bahalaşma sürətinin yüksək olması ərzaq qiymətlərinin daha çox artması, ərzaq qiymətlərinin kəskin artması isə ümumilikdə əhalinin istehlak xərclərinin yüksəlməsi ilə nəticələnib. 

Noyabrda ərzaq məhsul növləri arasında ən yüksək qiymət artımı tərəvəzlərdə qeydə alınıb. Ötən ilin noyabrı ilə müqayisə etdikdə görürük ki, bu il ağ kələmin qiyməti 0,4 manatdan 1,1 manata (2,92 dəfə), pomidorun qiyməti 1,2 manatdan 2,7 manata (2,25 dəfə), göy lobyanın qiyməti 1,2 manatdan 2,4 manata (2,1 dəfə), xiyarın qiyməti 0,75 manatdan 1,45 manata (97 faiz), badımcanın qiyməti 1,2 manatdan 2,1 manata (78 faiz), sarımsağın qiyməti 2,8 manatdan 4,15 manata (47 faiz) yüksəlib. Müqayisə olunan tarixlərdə əsas ərzaq məhsullarından olan günəbaxan yağının qiyməti 3 manatdan 4,3 manata (44 faiz), şəkər tozunun qiyməti 1,1 manatdan 1,55 manata (40 faiz), quru noxudun qiyməti 3,2 manatdan 4,35 manata (36 faiz), baş soğanın dəyəri 0,5 manatdan 0,7 manata (31 faiz), kartofun qiyməti 0,7 manatdan 0,95 manata (30 faiz) qədər artıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR