Azərbaycanda bu sahələrdə maaş artımı 10 faizi ötüb

İqtisadiyyat
15:09 / 16.12.2021
744
Bu ilin 10 ayı ərzində ölkə üzrə orta əməkhaqqı 2,6 faiz artdığı halda sahələr üzrə maaşlar fərqli şəkildə dəyişib. Bəzi sahələrdə maaşlar 10 faizdən çox, bəzilərində 5-10 faiz, bir çoxunda isə 0-5 faiz artıb. Hətta iki sahədə maaşlarda azalma qeydə alınıb.
Sfera.az bildirir ki, məhz həmin 2 sahədəki maaş azalması ümumən ölkə üzrə orta əməkhaqqındakı artım sürətini zəiflədib. Sözügedən sahələr mədənçıxarma sənayesi və su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorudur. Əgər bu sahələrdə maaş azalması baş verməsəydi, ölkə üzrə orta əməkhaqqı daha çox artacaqdı.
Mədənçıxarma sənayesində orta əməkhaqqı 6,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 2,2 faiz azalıb.
Mədənçıxarmada maaş səviyyəsi digər sahələrdən çox yüksəkdir. Ötən il bu sahədə orta əməkhaqqı 3 296 manat olduğu halda cari dövrdə təxminən 200 manat azalaraq 3 094 manata düşüb.
Adıçəkilən digər sahədə isə orta əməkhaqqı 561 manatdan 548 manata geriləyib.
Digər sahələrdə orta əməkhaqqı artıb. Ən çox artım 3 sahədə qeydə alınıb. Bunlar maliyyə və sığorta fəaliyyəti (12,9 faiz), tikinti (11,1 faiz), elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (10,1 faiz) sahələridir.
Maliyyə və sığorta fəaliyyətində orta əməkhaqqı 1 736 manatdan 1 961 manata çatıb. Orta hesabla maliyyəçilərin maaşı 225 manat artıb.
Tikintidə çalışanların maaşı orta hesabla 87 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində çalışanların maaşı isə 70 manat artıb.
Vasif
Sfera.az