İdxal azalır – SƏBƏBLƏR

15:53 / 15.12.2021
585
Bu il Azərbaycana idxal real ifadədə azalıb. İlk 10 ayın nəticəsi göstərir ki, ölkəmizə idxalda azalma 12,3 faiz olub və böyük ehtimalla ilin yekununda da azalma dinamikası qalacaq.
Sfera.az bildirir ki, ötən il pandemiyanın təsiri ilə idxal həcminin xeyli kiçilməsi, cari ildə isə iqtisadi aktivliyin yüksəlməsi, xərclərin artması, manatın məzənnəsinin sabit qalması nəzərə alındığında bu il idxalın artacağı proqnozlaşdırılırdı.
Ötən il pandemiya səbəbindən daxili tələb xeyli zəifləmişdi və bu amil idxalın 36 faiz azalmasına şərait yaratdı. 2021-ci ildə vəziyyət dəyişib və pandemiyanın yaratdığı tələb kasadçılığını kəskin tələb artımı əvəz edib. Belə bir vəziyyətdə idxal artmalıydı.
Belə olduğu halda bu il idxal niyə azaldı? İdxalın real ifadədə azalmasına bir neçə məhsul növü üzrə alışların azalması səbəb olub. Bunu bir neçə əsas məhsulun idxal göstəricilərində görmək mümkündür.
Buğda idxalı 2020-ci ildə 1,14 milyon ton olduğu halda bu il 890 min tona düşüb. Əsas taxıl məhsulunun idxalında real ifadədə 22 faiz azalma baş verib.
Bitki yağlarının idxalı 6,9 faiz, kərə yağı, digər süd yağları və pastaları 8,9 faiz, quş əti və onun əlavə məhsulları 0,3 faiz, mal əti 44,8 faiz, siqaretlər 32 faiz, dərman vasitələri 10,6 faiz, polad prokatı 37,6 faiz, qara metallardan borular 23,8 faiz, sement və sement klinkerləri 15,1 faiz azalıb.
Bu məhsullardan başqa polietilen 27,7 faiz, qara metallardan künclüklər 24,1 faiz, qara metallardan çubuqlar 67,9 faiz, mineral gübrələr 60,9 faiz azalma qeydə alınıb.
Adıçəkilən məhsulların idxalının azalması 2 səbəblə əlaqəlidir.
Birinci səbəb qiymət artımları ilə bağlıdır. Qiymətlər yüksələndə istehlak mallarına tələb zəifləyir, onların dövriyyəsi kiçilir. Bu il istehlak mallarının kəskin bahalaşması onların satışını azaldıb, satışın azalması isə idxalın zəifləməsinə səbəb olub.
İkinci səbəb bəzi istehsal sahələri üzrə yeni müəssisələrin yaradılması və ya istehsal həcmlərinin artmasıdır. Xüsusən qara metallar, borular, polietilen, qara metallardan künclüklər, qara metallardan çubuqlar, mineral gübrələr istehsalı sahəsində böyümənin əldə edilməsidir.
Üçüncü səbəb isə xüsusi karantin rejiminin tətbiqinin aradan qaldırılması və bununla əlaqədar dərman və tibbi ləvazimatlara tələbin azalmasıdır.
Vasif
Sfera.az