Azərbaycanda adambaşına gəlir 5,3 min dollara çatacaq

İqtisadiyyat
11:38 / 14.12.2021
766
2021-ci ilin 11 ayının nəticələri göstərir ki, ilin yekununda Azərbaycanda adambaşına düşən istehsal həcmi 5 min dolları ötəcək.
Sfera.az bildirir ki, 2021-ci ilin yanvar-noyabr aylarında 80,688 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İlin sonunda istehsalın nominal dəyərinin 90 milyard manata çatması real görünür. Bu halda adambaşına düşən məhsul istehsalı 8985 manata və ya 5280 dollara yüksələcək.
Bu göstərici son 6 ilin ən yüksək göstəricisi olacaq. 2020-ci ildə adambaşına istehsal 4 272 dollar, 2019-cu ildə 4 851 dollar, 2018-ci ildə 4 780 dollar idi.
Azərbaycanda adambaşına ən böyük istehsal 2014-cü ildə qeydə alınıb. Həmin tarixdə adambaşına 7 990 dollar dəyərində ÜDM istehsal edilmişdi.
2015-ci ildə iki devalvasiyadan sonra ÜDM-nin dollar ifadəsində dəyəri kiçildiyindən adambaşına düşən istehsal göstəricisi də kiçilmişdi. Amma 2017-ci ildən ÜDM istehsalı artım mərhələsinə keçdi və 2019-cu ildə 82 milyard manata çatdı. Bu il adambaşına istehsalın bir qədər də artacağı yəqindir.
İstehsal həcminin dekabrda daha çox artması ehtimalı da böyükdür. Çünki Azərbaycan neft və qaz hasilatını artırır, eyni zamanda həm əmtəə qiymətləri yüksəlir, həm də dekabrda hökumətin xərcləri maksimum həddə çatacaq. Bu şərtlər daxilində sonuncu ayda ÜDM istehsalının daha böyük olması ehtimalı güclüdür. Məsələn, noyabrda ÜDM istehsalı 9,1 milyard manat təşkil edib və əvvəlki 10 aylıq dövrdəki ortaaylıq göstəricidən 2 milyard manat çox olub.
Dekabrda istehsal həcminin bir qədər də artaraq 10 milyarda yüksəlməsi realdır. Əgər bu ehtimal özünü doğruldarsa, cari dövrdə ÜDM istehsalı ən azı 90 milyard manat və ya adambaşına 8 985 manat təşkil edəcək.
Vasif
Sfera.az