"Omicron" həbləri, "kripto inqilab", kosmos yarışları... - 2022-ci ildə Dünyanı nələr gözləyir? / VİDEO

2021-ci il kütləvi peyvəndlər, məhdudiyyətlərin yüngülləşdirilməsi və sərhədlərin yenidən açılması ilə yadda qaldı. Amma Dünya bu il də COVID-19 pandemiyası ilə mübarizəyə davam etdi. Bəs 2022-ci ildə bizi nələr gözləyir?
 
"The Economist”in məşhur, illik "The World Ahead 2022” jurnalının redaktoru Tom Stendic bu barədə öz proqnozlarını açıqlayıb.
 
Sfera.az iqtisadçının qarşıdan gələn 12 ay üçün proqnozlaşdırdığı tendensiyaları təqdim edir:
 

 
Pandemiyadan endemikə…
 
İqtisadçı 2022-ci ildə Dünyada pandemiyanın endemik vəziyyətə keçəcəyini və koronavirusun bir növ idarə olunan xəstəliyə çevriləcəyini ümid edir:
 
"Peyvənd səviyyəsi yüksək olan bəzi Qərb ölkələrində biz bu mövqeyə çatmağa başlamışıq. Əsl problem isə təkcə zəngin ölkələrdə yox, Dünyanın hər yerində peyvəndi əlçatan etməkdir. "Omicron” ştamı gündəmə gəldikdən sonra bir çox ekspertin də vurğuladığı kimi, hamı təhlükəsiz vəziyyətdə olana qədər hamımız təhlükədə olmağa davam edəcəyik”.
 
Ekspertin fikrincə, 2022-ci ildə peyvəndlərdən daha çox virus əleyhinə həblər gündəmdə olacaq:
 
"Virus əleyhinə həblər, ümumilikdə koronavirusa, əsasən də "Omicron” ştamına qarşı çox vacib bir silahdır. Çünki bu antiviral dərmanlar virusun RNT-sinə təsir edərək replikasiyanın qarşısını alır. Həblər "Omicron”a qarşı ən təsirli vasitə ola bilərlər”.
 
Hibrid iş rejimi bərabərsizliyi artıracaq
 
Tom Stendic 2022-ci ildə hibrid iş rejimi ilə bağlı qayda-qanunların hazırlanmasının vacib olduğuna diqqət çəkir. O, hibrid rejimin onsuz da iş dünyasında mövcud olan ədalətsizliyi daha da artıracağından narahatdır:
 
"Sorğuların nəticələri göstərir ki, uşaq baxımı ilə məşğul olan qadınlar və kişilər ofisə qayıtmağa daha az həvəslidirlər. Məlum olub ki, bu mövzuda irqi fərqlər də var. "Ağ işçilər” qaradərili insanlardan fərqli olaraq ofisə qayıtmaq istədiklərini söyləyirlər. Görünür, ağdərili və yüksək vəzifəli deyilsinizsə, ofislər o qədər də qonaqpərvər yerlər deyil. Burada narahatedici məqam odur ki, yalnız ofisdən işləməyə həvəsli olan kütlə ənənəvi iş rejiminə qayıdarsa, onlar rəhbərlərlə daha çox vaxt keçirəcək, pillələri daha tez qalxacaq və maaş artımı əldə edəcəklər. Bildiyiniz kimi, gender və irqə görə maaş fərqliliyi kimi mövzularda Dünya onsuz da geriyə doğru gedir".
 
Kriptovalyutalar ram ediləcək
 
2021-ci ildə blokçeyn texnologiyası və kriptovalyutaya, ümumilikdə qeyri-mərkəzləşdirilmiş maliyyəyə həvəs daha da artdı. Hətta əsas banklar və şirkətlər də kriptovalyutaları daha ciddi qəbul etməyə başladı. Tom Stendic deyir ki, qarşıdan gələn ildə sözün geniş mənasında maliyyənin, pulun, eləcə də bankçılığın gələcəyi üçün üç rəqib baxış arasında "müharibə” gedəcək:

"Bununla bağlı deyə bilərəm ki, bizi bir növ texnologiya sənayesi inqilabı gözləyir. Bildiyiniz kimi, "Facebook” kimi div şirkətlər öz valyutalarını işə salmağa hazırlaşırlar. Bunu dəstəkləyənlər olduğu kimi, böyük texnoloji şirkətlərin həddən artıq mərkəzləşdirilmiş və çox güclü olduğunu əsas gətirərək onlara etibar etməyən "kripto kütləsi” də var. Mərkəzi Bank isə deyir ki, "bir saniyə gözləyin, kimsə burada rəqəmsal valyuta buraxacaqsa, o niyə biz olmayaq?”. Beləliklə, mən düşünürəm ki, biz bu üç qüvvə arasında gedən mübarizəyə şahid olacağıq.
 
Fikrimcə, bu və ya digər formada biz kriptovalyutaların bir növ əhilləşdirildiyini görəcəyik. Bunu əvvəlki texnologiyalarda da görmüşük. Bir sözlə, yeni üsul ilə köhnə üsul arasında kompromis əldə ediləcək".
 

 
Kosmosa hakim olmaq yarışı
 
Hazırda eyni vaxtda davam edən bir neçə "kosmik yarış”ımız var. 2021-ci ildə biz üç böyük ABŞ şirkətinin kosmosa daha çox turist göndərən ilk şirkət olmaq üçün mübarizə apardığını gördük. Beləliklə, "Virgin Galactic”, "Blue Origin” və "SpaceX” şirkətləri kosmosa turist göndərdi. 2022-ci ildə həmin şirkətlərin daha çox turisti kosmosa göndərməsi gözləniləndir.
 
"SpaceX”in "Starship” adlı kosmos gəmisi ilk orbital uçuşunu 2022-ci ilin yanvar və ya fevral ayında həyata keçirəcək. Əgər bu uğurlu alınarsa, iqtisadiyyata güclü təsir edən faktora çevriləcək.
 
Qeyd edim ki, hazırda ABŞ kosmosda liderin kim olduğunu xatırlatmaq üçün Aya qayıtmaq istəyir və bunun üçün "SpaceX”in texnologiyasından faydalanmağı ümid edir.
 
İqlim böhranını iri şirkətlər həll edə bilər
 
"Düşünürəm ki, builki İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasının (COP 26) nəticəsinin xəyal qırıqlığı yaratması mövzusunda hamı həmfikirdir”, - deyən Tom Stendic 2022-ci ildə iqlimlə bağlı həll yollarının dövlətlərdən çox şirkətlərdən gələcəyini bildirir:

"Bu il iqlim mövzusunda geriyə getmədik, ancaq işlər çox sürətli də irəliləmədi. Yaxşı ki, artıq bir çox şirkət bu mövzuda hansısa addım atmaq fikrindədir. Şirkətlər deyirlər ki, əgər hökumətlər bu işləri görməyəcəksə, emissiyaları azaltmaq üçün özləri böyük və cəsarətli addımlar atacaqlar.

Dünyanın aparıcı ekoloqlarından olan çinli Ma Syun Qərblə Çinin bu məsələdə əməkdaşlığının ən asan yolunu yaxşı izah edir. O, təklif edir ki, Çində çoxlu məhsul istehsal edən Qərb şirkətləri ölkədəki təchizatçılarını ən aşağı karbon təminat edənlər arasından seçsinlər. Onun rəhbərlik etdiyi Qeyri-Hökumət Təşkilatı (QHT) Çində 10 milyon şirkətin məlumat bazasını hazırlayıb. Beləliklə, həmin baza əsasında kimin "iqlim dostu” olduğunu bilmək mümkündür. İdeya çox bəsitdir: Qərb şirkətləri Çində təchizatçıları seçərkən ən aşağı karbon təminatçılarına üstünlük verərsə, bu, təbii olaraq karbon izlərini azaltmaq üçün onlar arasında rəqabətə səbəb olacaq.
 
Ümid edirəm ki, hökumətlərin iqlim məsələsində əldə edə bilmədiyi uğuru özəl sektor əldə edəcək”.

 
 
İlknur
Sfera.az

OXŞAR XƏBƏRLƏR