“3+3” formatında keçirilən regional platformanın Moskva toplantısı - Nə baş verdi?

13:04 / 11.12.2021
1157
Dekabrın 10-da Moskva şəhərində Azərbaycan,
Ermənistan, Türkiyə, İran və Rusiyanın iştirakı ilə Cənubi Qafqazda "sülhün və
sabitliyin təmin edilməsi” mözvusuna həsr olunmuş "3+3” formatında keçirilən
regional platformanın ilk toplantısı baş tutub. İclasda çoxşaxəli regional əməkdaşlığın
inkişaf perspektivləri müzakirə edilib.
Regional platformanın işini onun bütün
iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək
razılaşdırılıb. Söhbət tərəflər arasında qarşılıqlı etimadın artırılması, ticarət-iqtisadi,
nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə
qarşı mübarizə tədbirlərindən gedir. Göründüyü kimi, format region və region
ölkələrini narahat edən, həllini gözləyən bütün məsələləri özündə ehtiva edir.
"3+3” formatı region ölkələri üçün nə vəd
edir?
Əvvəla, onu qeyd etmək lazımdır ki, bu
formatın təşəbbüskarı Azərbaycan və Türkiyə prezidentləridir. Bu təşəbbüs, eyni
zamanda Rusiya Prezidenti tərəfindən də böyük dəstək alıb. Öz növbəsində İran
da təşəbbüsü açıq surətdə dəstəkləyir. İndiki halda regionun 4 aparıcı ölkəsi "3+3”
formatında iştirak edir. Bu həm də ondan xəbər verir ki, regionun bütün
problemlərini yenə region ölkələri həll etməlidir. Məsələ ondadır ki, bu gün Cənubi
Qafqaz defraqmentasiya olunmuş məkandır. Yəni regionda iqtisadi, nəqliyyat və logistika əlaqələri bu
və ya başqa formada sıradan çıxarılıb. Region beynəlxalq ticarət və nəqliyyat
kommunikasiyaları şəbəkəsindən kənarda qalıb. Bu məsələ regionumuzun başlıca
problemlərindəndir.
Azərbaycan hələ ötən əsrin sonlarından bu problemləri
görüb və ardıcıl beynəlxalq layihələr ilə mövcud problemi aradan qaldırmağa
çalışıb. Rəsmi Bakının bu təşəbbüsü bu gün də davam edir. Lakin regionu
defraqmentasiyadan xilas etmək üçün tək Azərbaycanın fəaliyyəti kifayət etmir.
Buna görə də Azərbaycan çoxşaxəli regional əməkdaşlığın inkişaf etməsi üçün
"3+3” platformasını irəli sürdü.
İndiki halda "3+3” platformasının məqsədi Cənubi
Qafqazı münaqişələr regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına çevirməkdir. Regionumuz Avrasiyanın nəqliyyat
mərkəzinə çevrilə bilər. Bunun üçün isə regionun bütün ölkələrinin prosesdə
istirakı zəruridir. Misal üçün ATƏT-in Minsk Qrupu nümunəsi də göstərdi ki,
regiona daxil olmayan ölkələrin (Fransa, ABŞ) siyasi gündəliyində Qarabağ
münaqişəsinin həlli axırıncı yerdə dayanmışdı. İstənilən halda regionun gələcəyini
yenə region ölkələri təyin etməlidir.
Gürcüstan "3+3”-ə qayıdacaq?
Gözlənildiyi kimi, "3+3” formatında keçirilən
regional platformanın ilk toplantısında Gürcüstan iştirak etmədi. Görüşdən bir
neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyi ölkələrinin platformasının ilk
iclasında iştirak etməyəcəyini bildirmişdi. Aydın məsələdir ki, rəsmi Tiflis
Rusiya faktoruna görə "3+3” platformasında işitrak etmək istəmir. Mövcud
Abxaziya və Cənubi Osetiya problemlərinə Kremlin müdaxilə etməsi və iki ölkə
arasında yaxın keçmişdə yaşanan qısamüddətli müharibəni nəzərə alaraq rəsmi Tiflisin platformada iştirak etməməsini anlayışla qarşılamaq
olar. İstənilən halda Bakı Tiflisin bu qərarına
hörmətlə yanaşır. Lakin yaxın gələcəkdə
Gürcüstan "3+3” formatına yenidən qayıtmalıdır.
Məsələ ondadır ki, "3+3
formatı” Tbilisi ilə Moskva arasında mövcud problemlərin, o cümlədən Abxaziya və
Cənubi Osetiya münaqişələrinin müzakirəsi və həlli üçün effektiv platformaya
çevrilə bilər. Gürcüstan onu da nəzərə almalıdır ki, formatda Türkiyə və Azərbaycan
da təmsil olunur. Yəni rəsmi Bakı və Ankara bu məsələdə konstruktiv yanaşma sərgiləyərək
Moskva və Tbilisi arasında vasitəçi ola bilər.
Beş ölkənin nümayəndələrinin Gürcüstanın platformaya
qoşulmasında maraqlı olduqlarını bildirməsi də rəsmi Tiflisin format üçün nə qədər
vacib olduğunu göstərir. Hesab edirəm Gürcüstanın gələcəkdə bu formata
qoşulması həm onun özü, həm də region üçün olduqca vacibdir.
"3+3” platforması "Astana formatı”nın
plagiatıdır?
"3+3” platforması artıq bir çox ölkələri
narahat etməyə başlayıb. Təsadüfi deyil ki, həmin ölkələr bu platformanı gözdən
salmaq üçün Rusiya, Türkiyə və İranın Suriya ilə bağlı məsələləri həll etdiyi
"Astana formatı” ilə paralellər aparır. Hesab edirəm bu müqayisə kökündən
yanlışdır və Cənubi Qafqaz reallıqlarını dərk etməkdən uzaqdır. Cənubi Qafqaz
ilə Yaxın Şərq regionları arasında paralellər aparmaq siyasi savadsızlıqdan irəli
gəlir. Məsələ ondadır ki, hər iki regionun xalqları, mədəniyyəti eyni olmadığı
kimi, mövzu və tarixi problemləri də eyni deyil. Dolayı yolla hər iki regionda
fərqli konteksdə baş verən proseslərinə oxşar baxış sərgiləmək məntiqsiz
olardı. "Astana formatı” Suriya ilə bağlı məsələləri həll etdiyi halda "3+3”
platforması bütöv bir regionun problemlərini və inkişaf perspektivlərini özündə
ehtiva edir. Dar və geniş mənada fərqlər bariz şəkildə göz qabağındadır.
"3+3”
platformasını qarşısına hədəf kimi Benilüks və ya Skandinaviya ölkələrinin
nümunələri qoyub. Nəzərə almaq lazımdır ki, bu ölkələr regional platformalar çərçivəsində
də uğurla birgə fəaliyyət göstərirlər.
Turan Rzayev