Peskovun S-400 açıqlaması türk lirəsini ucuzlaşdıracaq?

11:00 / 10.12.2021
499
Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov Yunanıstanın ANT1 televiziyasına Rusiyanın Türkiyəyə S-400 raketlərinin
II partiyasını göndərib-göndərməyəcəyi ilə bağlı sualı cavablandırıb. Kreml sözçüsü
yunan müxbirin sualına Türkiyə ilə müəyyən anlaşmanın olduğunu, S-400-lərin bu
ölkəyə çatdıracağını deyib.
Peskovun dediyi kimi, Türkiyə ilə Rusiya
arasında S-400 raketlərinin alışına dair müvafiq razılaşma var. Razılaşmaya görə
Rusiya Türkiyəyə S-400 raketlərinin birinci partiyasını verib. Bundan əlavə
raketlərin istifadəsi üçün kadrların hazırlanması da razılaşmada əks olunub. Bu
mənada S-400-lərin ikinci partiyasının da Ankaraya veriləcəyi məlumdur.
Yunanıstanın ANT1 televiziyasında Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskova belə bir sualın ünvanlanması təsadüfi
deyil. Məsələ ondadır ki, vaxtı ilə Türkiyənin Rusiyadan S-400 raketlərini
alması Ankara ilə Vaşinqtonun münasibətlərini korladı. Türkiyənin bu məsələdə
geri addım atmaması, S-400-lərin birnci hissəsini alması ABŞ-ın Türkiyəyə
iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələndi. Hətta deyə bilərəm ki,
Türkiyə lirəsinin ABŞ dolları qarşısında son zamanlar dəyər itirməsinin bir səbəbi
də məhz budur.
Türkiyə-ABŞ münasibətlərinin pisləşməsi,
Türkiyənin iqtisadi baxımdan zəifləməsi, türk lirəsinin dollar qarşısında dəyərdən
düşməsi Yunanıstanın maraqlarına uyur. Əks təqdirdə Peskovdan Rusiyanın Türkiyəyə
S-400 raketlərinin II partiyasını göndərib-göndərməyəcəyi ilə bağlı sual
ünvanlanmazdı. Afina bununla mövcud ABŞ-Türkiyə gərginliyini
daha da artırmaq, rəsmi Vaşinqtonun Ankaraya iqtisadi sanksiyalarını
artırmasını istəyir.
Dmitri Peskov kifayət qədər təcrübəli
diplomatdır. Təsadüfi deyil ki, yunan jurnalistin sualının provokasiya
xarakterli olduğunu başa düşüb. Peskov ABŞ faktorunu nəzərə alaraq belə deyib: "Bilirik
ki, ABŞ sanksiyalar oyununu oynamağı xoşlayır, baxmayaraq ki, heç vaxt məqsədlərinə
çatmırlar. Bununla belə, bizim siyasətimiz müxtəlif ölkələrlə, xüsusən də tərəfdaşlarımızla
əməkdaşlığa açıq olmaqdır”.
Peskov hər nə qədər iddialı danışsa da reallıq
ondan ibarətdir ki, Qərbin sanksiyaları Kremli də iqtisadi cəhətdən zəiflədib.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya deyil. Rusiya dünyanın ən
nəhəng təbii qaz və silah satışı edən ölkələrindəndir. Yəni bu ölkə sanksiyalar
qarşısında müəyyən mənada dura bilər.
Türkiyə isə sənayesi yeni-yeni güclənən, dünya bazarına çıxan ölkədir. Mövcud
sanksiyalar qarşısında Ankara və Moskvanın duruş qabiliyyəti eyni deyil.
Peskovun bu açıqlaması sonrası türk lirəsi
dolar qarşısında daha da dəyər itirəcək. Türkiyə indiki halda S-400-ləri
almaqda israrlıdır. Məsələ bundadır ki, Ankara bundan imtina edə bilməz. Cünki
hava hücumundan müdafiə siteminə ehtiyacı var. Lakin bununla belə Ankaranın ən
qısa zamanda Vaşinqtonla ortaq məxrəcə gəlməsi lazımdır. ABŞ sanksiyaları və
lirənin dollar qarşısında dəyər itirməsi bu tempdə davam etsə bu, Türkiyə
iqtisadiyyatını 90-cı illər həddinə qədər gerilədə bilər. Bu isə ilk növbədə
Yunanıstana sərf edəcək.