“İran bunu gec başa düşdü, amma...” - Tofiq Zülfüqarov

13:08 / 09.12.2021
1057
İranın Yollara
Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) Beynəlxalq Tranzit və
Daşımalar İdarəsinin Baş direktoru Cavad Hidayəti deyib ki, İran, Azərbaycan və
Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun
yaradılması üzrə razılığa gəliblər. Halbuki bir müddət öncə adıçəkilən tranzit
marşrutunun Ermənistanın üzərindən yaradılması gündəmdə idi.
Maraqlıdır,
İranın Ermənistandan imtina edib Azərbaycanla bu layihəni icra etmək istəməsinin
səbəbi nədir?
Mövzu ilə bağlı
Sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib
ki, İran gec də olsa başa düşdü ki, Ermənistan layihənin öz öhdəsinə düşən xərclərini
çəkmək istəmir:
"Məsələ
ondadır ki, Ermənistan və Azərbaycan coğrafi olaraq eyni xüsusiyyətlərə malik
deyil. Ermənistan ərazisinin böyük hissəsi dağlardan ibarətdir. Bu da belə bir
layihənin reallaşmasını çətinləşdirən ilkin təbii amildir. Digər tərəfdən, bu
layihəni reallaşdırmaq üçün Ermənistana milyardlarla dollar vəsait lazımdır.
Çünki həm mövcud yollar bərpa edilməli, həm də dağlıq ərazilərdən tünellər çəkilməlidir.
Rəsmi İrəvanın isə nə bu qədər vəsaiti var, nə də ümumiyyətlə belə bir xərci çəkmək
niyyəti. Reallıq ondan
ibarətdir ki, Ermənistan bu layihədə iştirak etmək istəsə də, bütün xərcləri
İranın ödəməsini arzulayır. Rəsmi Tehran isə bunu qəbul etmir. İran ümumiyyətlə
bu layihə ilə mövcud iqtisadi sanksiyalardan xilas olmaq istəyir. Yəni İrana əlavə
xərc lazım deyil”.
Turan Rzayev