Manatın sabitliyi nə vəd edir? - AÇIQLAMA

İqtisadiyyat
10:43 / 09.12.2021
559
"Manatın alıcılıq qabiliyyəti düşür, bir müddət sonra da məzənnəsi düşəcək, bu zaman ölkədə yoxsulluq səviyyəsi kəskin artacaq”.
Sfera.az bildirir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, məzənnə sadəcə iqtisadi göstəricilərdən biridir:
"Məzənnə siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsində olmalıdır, ayrıca bir simvol kimi dəyərləndirilə bilməz. Başa düşürəm ki, indiki primitiv "boru iqtisadiyyatı” modeli üzən məzənnəyə keçmək üçün yararlı deyil. Hətta Elman Rüstəmov 2015-2017-ci illərdə, "biz üzən məzənnəyə keçmişik-keçirik-keçəcəyik”, deyirdi, sonra bu termini yadına da salmadı, çünki, üzən məzənnə normal bazar iqtisadiyyatı institutları olan ölkədə mümkündür. Gərək valyuta qazanan minlərlə şirkət olsun, bazara onlar qazandıqları valyutanı çıxarıb manata çevirsinlər, həmin manatla maaş-vergi ödəsinlər. Məhz bu zaman normal məzənnə siyasətini qurmaq mümkündür”.
Xatırladaq ki, ötən gün Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev "Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var”, - deyə bildirmişdi.
Günay Rəsulqızı
Sfera.az