Ailələrin adambaşına xərcləri 310 manata çatıb

Ailələrin adambaşına xərcləri 310 manata çatıb
Azərbaycanda ailələrin adambaşına düşən aylıq istehlak xərcləri 2021-ci ilin ilk 9 ayında 310 manata yüksəlib. Ötən illin eyni dövrü ilə müqayisədə adambaşına xərclər 1,8 faiz, yəni 5 manatdan çox artıb. 

Sfera.az rəsmi məlumatlara əsasən bildirir ki, ailələrdə xərclərin çox hissəsi (43,2 faizi) ərzaq məhsullarının alınmasına sərf edilib. Ərzağa bir ayda 137 manat xərclənib. Ötən ilin eyni dövründə aylıq ərzaq xərci 132 manat idi. 

Xərclərin 8,1 faizi (25,1 manat) su, işıq, qaz və digər yanacaq növlərinə, 8,1 faizi ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa, 6,9 faizi (21,4 manat) mehmanxana, kafe və restoran xidmətlərinə ayrılıb. 

İnsanlar hər ay tütünə 5,15 manat, alkoqollu içkilərə 1,9 manat, paltar və ayaqqabıya 18,5 manat, nəqliyyat xidmətlərinə 20 manat xərcləyib. 
Müqayisə göstərir ki, bu il xərc növləri arasında ən çox artım istirahət və mədəniyyət xidmətlərində (12,1 faiz), tütün məmulatlarında (10,8 faiz), səhiyyə xidmətlərində (7,3 faiz) qeydə alınıb. 

Bu il əhali ictimai iaşə (8,3 faiz), paltar və ayaqqabı (1,1 faiz) xərclərini azaldıb.
 
Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR