Rusiyanın SWİFT sisteminə girişi qadağan edilərsə, Azərbaycana hansı təsirləri olacaq? – AÇIQLAMA

Gündəm
14:34 / 08.12.2021
972
Ötən gün ABŞ Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə, SWİFT sisteminə girişinin qadağan ediləcəyini açıqladı. Sözügedən ölkənin hədəsinə qarşılıq olaraq isə, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bunun fantaziya olduğunu, dünya iqtisadiyyatının buna dözməyəcəyini dedi.
Bəs, reallıq necədir? Buna dözməyən kim olacaq: Rusiya, yoxsa dünya iqtisadiyyatı?
Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, SWİFT sistemi üzərindən icra edilən hər 10 əməliyyatdan 9-u ABŞ bankları vasitəsilə həyata keçirilir
"Eyni zamanda, SWIFT şirkətinin əsas səhmdarları ABŞ banklarının nümayəndələrindən ibarətdir. ABŞ vətəndaşları isə öz hökümətləri tərəfindən tətbiq edilən sanksiyalara qanunla tabe olmalıdırlar. Rusiyanın SWIFT sistemindən çıxarılmasının nəticələrinə gəlincə isə, onu demək olar ki, hazırda bankları dünyadan təcrid etməyin ən sadə yolu onları ödəniş sistemindən təcrid etməkdir. Amerika İranı bu ödəniş sistemindən təcrid etməklə şirkətlərlə yanaşı, bankları da iflic vəziyyətinə salıb onun iqtisadiyyatını boğdu. İran SWIFT-dən çıxarılan zaman Rusiya ABŞ-ın təhdidlərinə tabe olmayan ödəniş sistemi yaratmağa çalışsa da, buna nail ola bilməyib. İndi isə bıçaq sümüyə dirənib. Düzdür, SWIFT dünyada yeganə ödəniş sistemi deyil. Amma əməliyyatların 90-92%-i bu sistem üzərində aparıldığı üçün bu sistemdən çıxarılmaq Rusiya üçün indiyə qədər qarşılaşmadığı ciddi iqtisadi zərbə olacaq”.
İqtisadçı bildirib ki, Rusiya rəsmisi Vladimir Cabarovun "dünya iqtisadiyyatı buna dözməyəcək” deməsi ABŞ tərəfindən ciddi qarşılanmır:
"Amma Rusiyanın hər zaman aqressiv siyasət yürütdüyü heç kimə sirr deyil. Odur ki, bu sanksiya reallığa çevrilsə, Rusiya tərəfindən sərt reaksiya gözləniləndir. Bundan təbii ki, ABŞ heç nə itirməyəcək. Amma bu sanksiyanın ilk vaxtlarında Ukrayna və bəzi Avropa ölkələri üçün müəyyən zərərlərlə müşahidə ediləcək. Ən başda Avropa ciddi qaz sınağı ilə üz-üzə qalacaq. Karbohidrogen ehtiyatlarının qiymətində kəskin artımlar olacaq. Sanksiya tətbiq edilərsə, Rusiyanın bu davranışları ilə Amerikanın sanksiyanı aradan qaldıracağı gözlənilən deyil. Sanksiya qısa müddətli dövr üçün Avropada, uzun müddətli dövr üçün Rusiyada ciddi problemlər yarada bilər”.
Ekspert əlavə edib ki, sanksiyanın Azərbaycan üçün də mənfi təsirləri gözləniləndir:
"Amma məsələyə qlobal yanaşsaq, bunun Azərbaycana verə biləcəyi faydalar zərərindən dəfələrlə çox olacaq”.
Günay Rəsulqızı
Sfera.az