Murad Arif Təhsil Nazirliyinə müraciət etdi

13:03 / 08.12.2021
649
Tanınmış bəstəkar-müğənni Murad Arif bullinq hadisələri ilə bağlı Təhsil nazirliyinə müraciət edib.
Sfera.az bildirir ki, ifaçı Fransa məktəblərində qısnamanın cinayət sayılacağını və qanunda üç ilə qədər həbs cəzası, 45 000 avroya qədər cərimə nəzərdə tutulduğunu deyib:
"Qısnama qurbanı özünü öldürərsə, cəza 10 ilə qədər, cərimə isə 150 000 avroya qədər artırıla bilər”, - deyə əlavə edən M.Arif direktor, sinif rəhbəri, məktəb psixoloqları və valideynlərin məktəbdəki mühitə cavabdeh olduğunu söyləyib:
"Həmin şəxsləri məsuliyyətə cəlb etməyincə, sağlam mühit yaranmayacaq. Ona görə də, Təhsil Nazirliyinin bu istiqamətdəki təkliflərini, tədbirlərini görmək istəyərdik. Çünki, Azərbaycanda, Bakıda, lap elə özəl məktəblərdə müdirlərə "təzyiq" edə bilən, "krutoy" dədələrin tərbiyəsiz balaları haqqında söhbətlər az deyil. Təkəmseyrək şəkildə fərdi uşaq psixoloqlarından belə özbaşınalıqlar haqqında maraqlana, sırf bullinq, qısnama, təkləmə, bezikdirmə, sataşma halları üçün "qaynar xətt" yarada bilərsiniz”.
Bəstəkar-müğənni bildirib ki, mühiti yalnız valideyn yaratmır:
"Görməzdən gələn məktəb işçiləri də var. Təkləyən, qısnayan müəllimlər də... Məktəbdə baş verən hər hadisəyə məktəbin məsul şəxsləri bilavasitə, istisnasız cavabdehdir. Cəmi bir hal olsa belə, qanun işləsə, bu böyük bir dalğa olacaq. Hadisə məktəbdə baş verirsə, məktəb işçiləri nəzarət etməlidir. Burada başqa söz ola bilməz. Pis valideyn olduğu kimi, pis direktor, pis müəllim də olur”.
Türkan
Sfera.az