“Döyülsələr də bunu valideynlərinə demirlər” – Varlı və ya kasıb olmağımız uşaqların psixologiyasına necə təsir edir?

“Döyülsələr də bunu valideynlərinə demirlər” – Varlı və ya kasıb olmağımız uşaqların psixologiyasına necə təsir edir?
Sağlam övlad dünyaya gətirmək, onu cəmiyyətə yararlı fərd kimi böyütmək hər bir valideynin istəyi, hətta vətəndaşlıq borcudur. Lakin bu da bir həqiqətdir ki, heç də bütün valideynlər eyni maddi imkana malik olmur. Düyanın hər bir yerində olduğu kimi ölkəmizdə də varlı və kasıb ailələr mövcuddur.

Maraqlıdır, bir uşağın böyüyüb cəmiyyətə yararlı, sağlam düşüncəli fərd kimi yetişməsinə onun dünyaya gəldiyi ailənin maddi vəziyyəti təsir edirmi?
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, uşaqların yetişməsində onların valideynlərinin maddi vəziyyəti mühüm rol oynayır:

"Varlı və kasıb psixologiyası bu gün dünya miqyasında müzakirə edilən bir məsələdir. Yəni bu təkcə uşaqlara deyil, həm də böyüklərə şamil edilə bilər. Şübhəsiz ki, varlı və kasıb ailələrin övladlarında fərq olur. Əvvəla, onu qeyd etmək lazımdır ki, ailələr maddi vəziyyətindən asılı olaraq ailələr övladlarını fərqli metodlarla tərbiyə edir. Ailənin maddi vəziyyətinin yaxşı olması, fərdin uşaq yaşlarından istəklərinə nail olması, hər şeyin ən yaxşısını əldə etməsi kimi məsələlərə təsir edir. Misal üçün, belə uşaqlar daha bahalı məktəblərdə oxuyur, təhsilindən əlavə asudə vaxtlarını daha səmərəli keçirir, hətta ailəsi ilə belə daha çox vaxt keçirə bilir. Belə uşaqlarda tədricən özünəinam da yüksək olur və gələcəkdə bu onun kariyerası və həyatına təsir edir. Təəssüf ki, belə uşaqlarda bəzən özünəinam həddindən artıq olur və ətrafındakı digər uşaqları əzməyə, fiziki zorakılıq etməyə cəsarətlənir”.
 
Psixoloq deyir ki, yoxsul ailədə dünyaya gələn uşaqlarda isə tam fərqli mənzərənin şahidi oluruq:
 
"Bir çox hallarda belə uşaqlarda özünəinam çox aşağı olur. Belə uşaqlar təkcə psixoloji deyil, ətrafındakı digər uşaqların fiziki zorakılığına məruz qaldıqda, bu halı valideynlərinə demir. Çünki valideynlərdən birinin bəzən isə ikisinin də işləməsi, övladlarına vaxt ayıra bilməməsi kimi hallar belə uşaqların içə qapanıq olması ilə nəticələnir. Zamanla bu problem onların şəxsiyyətinə də təsir edir və tədricən özünə inamsız, qapalı fərd halına gəlirlər”. 
 
Psixoloq hesab edir ki, ailənin maddi vəziyyətinin aşağı və ya yüksək olmasından asılı olmayaraq uşaqlara diqqət, qayğı eyni olmalıdır:

"Nəzərə almaq lazımdır ki, hər şeydən əvvəl uşaqlara sevgi, qayğı lazımdır. Bu ilk növbədə onların gələcəkdə özünə inanan, güclü fərdlər olması üçün mühüm amildir. Yəni maddi baxımdan kasıb olsanız da, mənəvi baxımdan zəngin olmağı bacarmaq lazımdır. Valideynlər uşaqlarına maksimum diqqət etməli, onlara sevgilərini göstərməlidir. Uşaqları yersiz qadağalarla məhdudlaşdırıb azadlıq duyğularını korlaşdırmaq lazım deyil. Unutmamaq lazımdır ki, kasıb bir ailənin övladı varlı, varlı bir ailənin övladı isə gələcəkdə kasıb ola bilər”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR