Bayden-Putin görüşü bir neçə saat davam edəcək - Nələr müzakirə olunacaq?

Bayden-Putin görüşü bir neçə saat davam edəcək - Nələr müzakirə olunacaq?
"Bu görüşdə iki lider arasında çox məsələlər müzakirə olunmalıdır”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov Rusiya Prezidenti Vladimir Putin və Amerika Prezidenti Co Baydenin dekabrın 7-də keçirilməsi planlaşdırılan onlayn görüşündən danışarkən deyib. Onun sözlərinə görə, əsas müzakirə edilən məsələlərdən biri Ukrayna olacaq:

"Çünki Ukraynada vəziyyət hər keçən gün daha da ağırlaşır, Rusiya sərhədə qoşun yığır. Bildiyimiz kimi, ABŞ hərbçilərinin Ukrayna ordusunda təlim keçməsi ilə bağlı məlumatlar da var. Digər tərəfdən, burada uzun müddətdir müzakirəsi gedən, qadağan olunmuş silahların yayılması ilə əlaqəli müqavilə imzalanmayıb. Hətta onu İsveçrədə keçirilən görüşdə də müzakirə etmişdilər, amma tam nəticə əldə edə bilmədilər. Bunun müzakirəsi gözləniləndir. Eyni zamanda ortada sanksiyalar məsələsi var - yəni ABŞ-ın, Qərbin Rusiyaya qarşı  olan sanksiyaları. Demək olar ki, bu, günü-gündən artırılır. Bu isə, Rusiyanın energetika sektoruna ciddi ziyan  vurur və onu həddən artıq qıcıqlandırır. Hətta yayılan məlumatlara görə, Rusiyanı beynəlxalq ödəniş sistemindən çıxarmaq istəyirlər, bununla bağlı ABŞ tərəfindən bir neçə senatorların təşəbbüs irəli sürdüyü də bildirilir”.

Müsahibimiz bildirib ki, Belarus-Polşa sərhədində baş verən gərginliyin də iki liderin müzakirə obyekti olması mümkündür:

"Həmçinin Belarusiyadakı daxili vəziyyətlə bağlı müzakirələrin aparılması gözlənilir. Bildiyimiz kimi, Belarusiyada hazırkı müxalifət lideri Svetlana Tixanovskaya Avropa ölkələrində müharicətdədir. Qeyd etdiyim kimi, Polşa-Belarus sərhədində miqrantların Avropaya keçməsi ilə bağlı yaranan skandal müzakirə oluna bilər. Eyni zamanda Yaxın Şərqdə baş verən proseslərin bu sıralarda yer alması gözləniləndir. 

Bilirsiniz ki, ABŞ həm də Yaxın Şərq ölkələrində  öz varlığını qoruyub saxlayır, xüsusilə Suriyada. ABŞ terror təşkilatlarına dəstək verir deyə, o məsələlər də açıq qalır və Rusiyanın narahatlığına səbəb olan amillərdən hesab olunur. Ümumi regional problemlərin müzakirəsi aparıla bilər. Həmçinin Gürcüstanla bağlı. Bu yaxınlarda sözügedən ölkədə Saakaşvilinin məhkəməsi keçirildi, bundan əvvəl, o, ABŞ-a müraciət etmişdi.  Bu günkü Gürcüstan hökumətinin nisbətən də olsa, Rusiya ilə yaxınlığı var.  Müzakirə olunacaq məsələlər sırasında Şərqi Avropadakı prosesləri də qeyd etmək olar. Ümumilikdə Putin-Bayden arasındakı bu dəfəki görüş böyük həcmli olacaq. Yəni görüş bir neçə saat davam edə bilər”.

Qeyd edək ki, Putin və Baydenin 2022-ci ildə canlı görüşü nəzərdə tutulur.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR