Zəngəzur dəhlizi olmayacaqsa Laçın dəhlizi də olmamalıdır - Şərh

16:49 / 24.11.2021
1206
Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan
onlayn formatda jurnalistlərin suallarını cavablandırarkən Zəngəzur dəhlizinin
açılmasının mümkünsüzlüyündən bəhs edib.
O, öz fikrini bununla əsaslandırmağa çalışıb
ki, guya üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib. Belə
ki, dəhliz ifadəsi yalnız Laçın koridoruna münasibətdə işlədilib. Hesab edək
ki, bu belədir. Lakin Paşinyan unudur ki, həmin bənddə maneəsiz hərəkət ifadəsi
də yer alıb. Yəni Azərbaycana məxsus nəqliyyat vasitələrinin Ermənistan ərazisindən
nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutulur. Ancaq Laçın
koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Paşinyan anlamır
ki, bu nüans onun siyasi savadsızlığının göstəricisidir.
Digər tərəfdən, əgər Ermənistan Laçın dəhlizindən
istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən
keçən dəhlizdən istifadə etməsin? Nəzərə almaq lazımdır ki, Azərbaycan 44
günlük müharibədə Ermənistan üzərində qələbə qazanıb. Yəni rəsmi İrəvan
unutmamalıdır ki, o diqtə edən yox, kapitulyasiya aktına imza atmış məğlub tərəfdir.
Paşinyan hələ başa düşə bilmir ki, regionda Zəngəzur
dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcək. O
hesab edir ki, biz bu dəhlizi Naxçıvanı blokadadan çıxarmaq üçün istəyirik.
Halbuki Azərbaycan İran vasitəsilə və hava yolu ilə Naxçıvanla əlaqəni çoxdan təmin
edib.
Rəsmi İrəvan bu məsələdə uzlaşmaya getsə, gələcəkdə
Zəngəzur dəhlizindən keçəcək enerji layihələrində özü də pay sahibi ola bilər.
Prinsip etibarilə, bunu ölkə başçısı da dəfələrlə qeyd edib.
İndiki məqamda Ermənistan bu məsələdə israr
etməyə davam etsə, rəsmi Bakı növbəti təzyiq "rıçaq”larından istifadə edə bilər.
Misal üçün, Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində
- Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub.
Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına
uyğun olaraq rüsum toplanılır. Paşinyanın çox güvəndiyi Tatev yolu isə istifadəyə
yararsızdır. Bu yoldan yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə
qeyri-mümkün həddədir.
Paşinyan qeyd edir ki, Zəngəzur koridoru və ya
Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur və bununla Ermənistana
qarşı ərazi iddiaları irəli sürür. Əslində Paşinyanı bu məsələdə qınamaq doğru
deyil. Çünki açqıca görünür ki, o nə tarixi yaxşı bilir, nə də siyasi proseslərin
məğzini. Ermənistanda tarix o qədər saxtalaşdırılıb ki, Paşinyan Zəngəzurun
tarixini bilməyə bilər. Məsələ ondadır ki, həmin ərazidə bənzər isimdə toponimlər,
coğrafi adlar çoxdur. Misal üçün, Ermənistan paytaxtından bir neçə km aralıqda
yerləşən Masis rayonun tarixi adı Zəngibasardır. Zəngibasar Zəngəzur və Zəngilan
ilə eyni kökə malik coğrafi addır. Bu da təsadüfi deyil. Çünki bu ərazidə yüz
illərlə Oğuz türk boylarına mənsub zəng tayfaları yaşayıb. Uzun illər xaçlılar
ilə mübarizə aparan Mosul Atabəyi İmadəddin Zəngi də həmin Zəng boyuna mənsubdur.
Yəni əgər bu ərazinin adı Zəngəzurdusa və onun tarixi əsası varsa onu başqa
adla niyə adlandırmalıyıq?
O ki qaldı Paşinyanın qeyd etdiyi Zəngəzur
koridoru və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycanın uydurmasına və Ermənistana
qarşı bununla ərazi iddiaları irəli sürməsinə deyə bilərəm ki, Paşinyan özü də
yaxşı bilir ki, bu ərazini Ermənistana 1929-cu ildə Levon Mirzəyan bağışlayıb.
Levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri
olsa da, Zəngəzuru heç bir referendum keçirmədən, Azərbaycan xalqının iradəsi
olmadan Ermənistana verib. Bu isə riyakarlığın son həddidir.
Turan Rzayev