Bahalaşma ailələrin aylıq xərcini nə qədər artırıb? – Əhali pulu daha çox bu məhsullara xərcləyir

Bahalaşma ailələrin aylıq xərcini nə qədər artırıb? – Əhali pulu daha çox bu məhsullara xərcləyir
Azərbaycanda bu il müşahidə edilən yüksək qiymət artımı əhalinin adambaşına düşən istehlak xərclərinin artmasına səbəb olub. İlin əvvəlindən bəri illik bahalaşmanın 3,3 faizdən 10 faizə qədər yüksəlməsi əhalinin xərclərinin artmasına güclü təsir edib. Bunu rəsmi məlumatlardan da görmək mümkündür.
 
Sfera.az bildirir ki, bu ilin yanvarında əhalinin istehlak bazarında adambaşına xərci 382 manat olmuşdu. Xərcin 167 manatı ərzağın, 149,4 manatı qeyri-ərzaq mallarının, 65,6 manatı pullu xidmətlərin alınmasına yönəldilmişdi.
 
Birinci rübdə əhalinin istehlak xərcləri 384 manata yüksəlib. Bunun 173 manatı ərzağa, 145 manatı qeyri-ərzağa, 66 manatı pullu xidmətlərə sərf edilib.

İlin birinci yarısında istehlak xərcləri 387,7 manata çatıb. Xərclərin 173,8 manatı ərzağın, 149 manatı qeyri-ərzağın, 64,9 manatı pullu xidmətlərin alınmasına gedib.
 
İlin ilk 10 ayında isə bir istehlakçı orta hesabla ayda 412,2 manat xərcləyib. Bu qədər pulun 185,7 manatı ərzaq mallarının, 158,1 manatı qeyri-ərzaq mallarının, 68,4 manatı pullu xidmətlərin əldə edilməsinə sərf olunub.
 
Müqayisə göstərir ki, ilin əvvəlindən əhalinin adambaşına istehlak xərcləri 30,2 manat, 2020-ci ilin eyni dövrünə nisbətən 32,9 manat, bir ailənin xərcləri isə orta hesabla ayda 131,6 manat artıb.
 
Bu il istehlak xərclərindəki artımın 18,7 faizi ərzaq xərclərinin, 8,7 manatı qeyri-ərzaq, 2,8 manatı pullu xidmətlərə çəkilən xərcin artması hesabına baş verib.
 
Ərzaq xərclərinin daha çox artması bu məhsullar arasında bahalaşmanın daha güclü olması ilə əlaqədardır. Son bir ildə ərzaq qiymətlərində artım 13,1 faiz olduğundan ərzağa çəkilən xərcdəki artım da daha böyük olub.

 Vasif
 

OXŞAR XƏBƏRLƏR