Dollar aparıcı valyutalara qarşı bahalaşır – İlk dəfə bu səviyyəyə çatdı

Dollar aparıcı valyutalara qarşı bahalaşır – İlk dəfə bu səviyyəyə çatdı
ABŞ dollarının aparıcı valyutalara qarşı bahalaşması prosesi davam edir. 

Sfera.az bildirir ki, dolların aparıcı valyutalara qarşı ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi 2020-ci ilin iyun ayından sonra ilk dəfə olaraq 95 səviyyəsinə çatıb. Hazırda indeks 95 ətrafında dəyişir. 

Dolların aparıcı valyutalara nisbətən bahalaşması dinamikası 2021-ci ilin mayından müşahidə olunur. Mayın əvvəlində 90 olan indeks iyunun əvvəlində 92 həddini, sentyabrın əvvəlində 94 həddini ötüb. 

Sentyabr və oktyabr aylarında indeks 94 ətrafında sabitləşsə də, noyabrın 9-dan yenidən yüksəlir. 

Dolların yüksəlməsi 2 səbəblə bağlıdır. Birinci səbəb ABŞ mərkəzi bankının (FED) qərarıdır. FED monetar genişlənmə siyasətini yumşaltmağa başlayıb. Noyabra qədər FED hər ay 120 milyard dollar alırdı. Bu aydan istiqraz alışı 15 milyard dollar azaldılacaq və 2022-ci ilin ikinci yarısına qədər istiqraz alışı dayandırılacaq. 

İstiqraz alışının dayandırılmasından sonra gələn ilin sonunda FED faiz dərəcəsini artırmağı düşünür. Monetar genişlənmənin dayandırılması dolların bahalaşmasına əsas yaradır. 

Dolları bahalaşdıran digər səbəb ABŞ-da inflyasiya səviyyəsinin sürətlə artmasıdır. İnflyasiya gücləndikdə qiymət artımlarını tənzimləmək üçün milli valyuta qismən möhkəmləndirilir. İnvestorlar FED-in də dolları möhkəmləndirmək üçün tədbirlər görəcəyini proqnozlaşdırdığından dollarla yığımlar artır ki, bu da ABŞ valyutasını bahalaşdırır. 

Dolların möhkəmlənməsini avro/dollar məzənnəsindən görmək olar. Bu ilin mayın əvvəlində 1,22 olan kurs hazırda 1,146-dır. Ötən müddətdə avro 6 faizdən çox ucuzlaşıb. 

İngilis funt sterlinqi də eyni qaydada ucuzlaşıb. Mayda 1,42 dollar olan funt sterlinq hazırda 1,34-dür. 

Proqnozlara görə dolların bahalaşması dinamikası 2022-ci ilin ortalarında dayanacaq. Həmin vaxta qədər Dollar İndeksinin 98-100 səviyyəsinə yüksəlməsi mümkün görünür. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR