Manatın real məzənnəsi 2,9 faiz bahalaşıb

İqtisadiyyat
12:46 / 11.11.2021
1206
2021-ci ilin 9 ayında banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılan əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 35,4% azalaraq 2,7 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 85,2%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. Nağd valyuta bazarında son 6 ayda bankların valyuta alışı satışları üstələyib.
Sfera.az bildirir ki, bu haqda məlumat Mərkəzi Bankın "Pul siyasəti icmalı”nda əksini tapıb.
Mərkəzi Bank bildirir ki, 2021-ci ilin 9 ayında ümumilikdə 75 valyuta hərracı keçirilib. Yanvarda valyuta bazarında tələb artsa da, fevraldan başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunub. Doqquz ayda manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6993, orta satış məzənnəsi isə 1,7024 manat təşkil edib.
Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 2,1%, real effektiv məzənnəsi isə 2,9% bahalaşıb. Mərkəzi Bank bildirir ki, dayanıqlı məzənnə inflyasiya idxalını yumşaldıb.
Qeyd edək ki, 2014-cü ilin sonu ilə müqayisədə real effektiv məzənnə 28,9% ucuzlaşıb. Bu da qeyri neft-qaz sektorunun uzunmüddətli rəqabət qabiliyyətinə müsbət təsir göstərən amillərdəndir.
Vasif
Sfera.az