Azərbaycanda müstəqillik tarixinin ən böyük büdcəsi qəbul ediləcək

13:49 / 10.11.2021
1037
2022-ci ilin dövlət büdcəsi manatla ifadə edildikdə müstəqillik tarixinin ən böyük büdcəsi olacaq. Gələn ilin büdcəsi həm gəlir, həm də xərclərinin məbləğinə görə əvvəlki illərin göstəricilərini ötəcək.
Sfera.az bildirir ki, növbəti ildə dövlət büdcəsinin gəliri 26,816 milyard manat, xərcləri 29,879 milyard manat təşkil edəcək.
Müstəqillik tariximizdə dövlət büdcənin xərcləri 1 milyard manatlıq həddi 2003-cü ildə (1,234 milyard manat), 5 milyard manatlıq həddi 2007-ci ildə (6,086 milyard manat), 10 milyard manatlıq həddi 2008-ci ildə (10,77 milyard manat), 15 milyard manatlıq həddi 2011-ci ildə (15,4 milyard manat), 20 milyard manatlıq həddi 2018-ci ildə (22,73 milyard manat), 25 milyard manatlıq həddi 2021-ci ildə (proqnoz 28,54 milyard manat) ötüb.
Gələn il dövlət büdcəsinin xərcləri 30 milyard manata çatacaq və milli valyuta ilə ifadə edildikdə müstəqillik tariximizin ən böyük büdcəsi olacaq.
ABŞ dolları ilə hesablandıqda müstəqillik tariximizin ən böyük büdcəsi 2013-cü ildə qeydə alınıb. Həmin tarixdə büdcənin xərclər hissəsi 24,3 milyard dolları ötmüşdü. Sonrakı illərdə büdcə xərcləri azaldı və 2017-ci ildə 10 milyard dollara düşdü.
2018-ci ildən dövlət büdcəmiz yenidən böyüyür. Bu ildə xərclər 13,37 milyard dollara, 2019-cu ildə 14,4 milyard dollara yüksəlib, 2021-ci ildə proqnoza əsasən 16,78 milyard dollar olmalıdır. Gələn il isə büdcə xərcləri 17,575 milyard dollar olmaqla 2013-cü ildəki rekord səviyyədən 6,7 milyard dollar və ya 27,6 faiz kiçik olacaq.
Dövlət büdcəsinin yenidən 24-25 milyard dollara çatdırılması üçün ümumi daxili məhsul (ÜDM) istehsalının 50 faiz artırılması lazımdır. 2013-cü ildə Azərbaycanda ÜDM istehsalının nominal dəyəri 73,3 milyard dollar idi. 2022-ci ildə isə proqnozlaşdırılan ÜDM istehsalı 51,5 milyard dollardır. Hökumətin proqnozlarına əsasən ÜDM istehsalının yenidən 73,3 milyard dollara çatması üçün indiki məzənnə saxlanılmaq şərtilə ən azı 5 il vaxt lazımdır.
Vasif
Sfera.az