Qeyri-neft ixracından Azərbaycana rekord gəlir: 2,4 milyard dollar...

12:17 / 08.11.2021
947
Azərbaycanın qeyri neft-qaz mallarının ixracının dəyəri ilk dəfə olaraq 2 milyard dollar həddini keçib.
Sfera.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın ixracı 16,8 milyard dollar, qeyri neft-qaz sektoru üzrə ixrac isə 2,05 milyard dollar olub.
Azərbaycanın qeyri neft-qaz sektoru üzrə ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 607,2 milyon dollar və ya 42% artıb.
Xatırladaq ki, Azərbaycan qeyri neft-qaz sektoru üzrə ən yüksək ixrac göstəricisinə 2019-cu ildə nail olub. Həmin ildə ixracımız 1,96 milyard dollara çatıb. Bu ilin yanvar-oktyabr aylarındakı ixracın həcmi 2019-cu ilin eyni dövrünə nisbətən 477 milyon dollar və ya 30,3 faiz çoxdur.
2021-ci ildə ixracda daha böyük artım gözlənilir. Buna görə də cari dövrdə qeyri neft-qaz ixracı ilə bağlı bir neçə dəfə yeni rekordlar qeydə alınacaq. İlk rekord təbii ki, ixrac dəyərinin ən yüksək həddə çatmasıdır. İkinci yenilik ixracın ilk dəfə 2 milyard dolları ötməsidir. Üçüncü rekord ixracdakı artım sürətidir. Son illərdə ilk dəfədir ki, ixrac 40 faizdən çox artır.
Lakin bunlar da son deyil. Böyük ehtimalla ilin sonuna kimi ixracın həcmi 2,3 milyard, hətta 2,4 milyard dolları ötəcək.
Bəs, bu il qeyri neft-qaz sektoru üzrə ixracın kəskin artmasının səbəbi nədir?
İxracın kəskin artmasını 2 qrup səbəblə əlaqələndirmək olar.
Birinci qrup səbəb bəzi əmtəələr üzrə ixrac miqdarının xeyli artmasıdır. Qeyri neft-qaz ixracının ən yüksək həddə çatdığı 2019-cu illə müqayisədə pambığın ixracı 58 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixrac miqdarı 52 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixrac miqdarı 52 faiz, kimya sənayesi məhsullarının ixrac miqdarı 25 faiz, meyvə-tərəvəz ixracının miqdarı 8,5 faiz artıb.
Adıçəkilən mal qrupları qeyri neft-qaz ixracında əsas paya malik olanlardır. Onların ixrac miqdarının artması ümumi ixracın artımına böyük töhfə verib.
Bunların və digər malların ixrac miqdarı artmaqla bərabər 2021-ci ildə əmtəə qiymətlərində də böyük artım var. Qiymət artımları qeyri neft-qaz ixracının artmasına təsir edən ikinci mühüm amildir.
Pambığın, qara və əlvan metalların kəskin bahalaşması Azərbaycanın ixracının artımına güclü dəstək verib.
Bu il qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 3,2 dəfə, mis və ondan hazırlanan məmulatların satış dəyəri 2,2 dəfə, pambığın satış dəyəri 87,6%, üzvi kimyəvi birləşmələr 40,6%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2%, alüminium və ondan hazırlanan məmulatlar 61,7%, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3% artıb. Qeydə alınan böyük artımların əsas hissəsi məhz bahalaşma hesabına təmin olunub.
Vasif