"Bu qanun ləğv olunmasa, insanlar qazandıqlarının yarıdan çoxunu dövlətə ödəməli olacaqlar” - ETİRAZ

İqtisadiyyat
13:42 / 06.11.2021
852
"2022-ci ilin yanvar ayının 1-dən minimum əmək haqqı 250 manatdan 300 manata qaldırılır. Təbii ki, minimum əmək haqqının artırılması pozitiv məsələdir, amma bir ciddi problem var: VÖEN-lə çalışan fiziki şəxslərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri qanunla minimum əmək haqqına bağlıdır”.
Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, tikintidə çalışan fiziki şəxslər minimum əmək haqqının 50%-ni, digər sahələrdə çalışanlar isə 25%-I Dövlət Sosial Müdafiə Fonduna ödəməlidir:
"Bu gün ödənişlər 125 və 62,5 manat təşkil edir. Yanvar ayından ödənişlər tikinti və ticarətdə işlənlər üşün 150 manata, digər sahələrdə çalışanlar üçün isə 75 manat qaldırılacaq. Dəfələrlə təklif etmişik ki, DSMF-yə ödənişlərin minimum əmək haqqına bağlanması qanundan çıxarılmalı, hesablama formulları dəyişməlidir. Ödənişlərin minimum əmək haqqına qanunla bağlı olması ciddi problemlər yaradır. Məsələn, təsəvvür edin ki, fiziki şəxs tikinti ilə məşğuldur, ay ərzində, tutalım, 300 manatlıq dövriyyəsi olub, həmin şəxs 300 manatdan 5% vergi və 150 manat DSMF-yə ödəniş etməlidir, yəni, 165 manat dövlətə pul ödəməlidir, özünə 135 manat qalacaq. Hələ işsizlik sığortası, tibbi sığorta kimi də ödənişlər var. Bu, ədalətsizlik olmaqla yanaşı, həm də məntiqsizlikdir”.
İqtisadçının sözlərinə görə, DSMF-yə ödənişlərin minimum əmək haqqına bağlılığı mütləq qanundan çıxarılmalıdır:
"Ümumiyyətlə, təqaüd məsələsi bir tək dövlətin əlində olmamalıdır. Elə bir mexanizm işlənib hazırlanmalıdır ki, ödənişin minimum məbləğı icbari olsun (məsələn, ayda 25 manat), kim istəsə, artıq öz arzusu ilə daha çox ödəyə bilər ki, gələcəkdə daha çox təqaüd almağa imkanı olsun. Paralel olaraq özəl təqaüd fondlarının yaranmasının qarşısında duran qanuni və institutsuonal əngəllər aradan qaldırılmalıdır, vətəndaşa müqavilə sərbəstliyi verilməlidir.
DSMF-yə ödənişlərin minimum əmək haqqına bağlanması, ümumiyyətlə, hətta əmək müqavilələri ilə çalışanların DSMF-yə ödəniş qaydaları ölkədə "kölgə” iqtisadiyyatının, "qara əmək bazarının” yaranmasının əsas səbəbidir”.
Günay Rəsulqızı
Sfera.az