Neft qiymətləri 90 dollara çatacaq - Neft bazarı ABŞ-ın cavabını gözləyir

11:40 / 05.11.2021
1020
Qlobal neft bazarı "OPEC+” ölkələrinin qərarından sonra ABŞ-dan gələcək cavaba köklənib.
Sfera.az xatırladır ki, ABŞ "OPEC+” ölkələrinə gündəlik neft hasilatının daha çox artırılması haqqında çağırış etmişdi. Vaşinqton administrasiyası hesab edir ki, neft hasilatının kiçik həcmdə olmaqla mərhələli şəkildə artırılması qiymətlərin yüksəlməsinə səbəb olur. Artan qiymətlər isə neft idxal edən ölkələrin xərclərini artırır və bu, iqtisadiyyatların bərpa prosesini ləngidir.
ABŞ-ın xəbərdarlığına baxmayaraq Azərbaycanın da daxil olduğu "OPEC+” ölkələri hasilatı əvvəllər razılaşdırıldığı kimi kiçik həcmdə olmaqla mərhələli şəkildə artırmaq qərarına sadiq qaldıqlarını ifadə etdilər.
"OPEC+” ölkələrinin bu qərarından sonra qlobal neft bazarı iştirakçıları ABŞ-ın hansı addımı atacağını gözləyir. ABŞ prezidenti Co Bayden bəyan etmişdi ki, əgər "OPEC+” qərarını düzəltməsə, onun ölkəsi cavab tədbirləri görəcək. İndi birjalar ABŞ-ın hansı cavab tədbirləri görəcəyini gözləyir.
"Bloomberg” saytı xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ağ Sarayın yüksək neft qiymətləri ilə mübarizə məqsədilə bütün alətləri nəzərdən keçirdiyini söyləyib. Bu açıqlama göstərir ki, rəsmi Vaşinqton "OPEC+” ölkələrinin qərarına adekvat cavab verməyə hazırlaşır.
"Goldman Sachs” şirkətinin analitikləri hesab edir ki, "OPEC+” ölkələrinin qərarından sonra qarşıdakı günlərdə birjalarda qiymət dalğalanması güclənəcək. "UBS Group” isə düşünür ki, ABŞ müdaxilə etməsə, neft qiymətləri 90 dollara çatacaq.
ABŞ rəsmiləri düşünür ki, neft hasilatının daha çox artırılmaması qərarında Rusiya israr edir. Rusiyanın energetika naziri Aleksandr Novak neft hasilatının daha çox artırılmamasının səbəblərini açıqlayıb. Nazir deyib ki, qlobal iqtisadiyyatda bərpa prosesi gedir, amma bəzi risklər neftə olan tələbi yenidən azalda bilər. O bu səbəbdən hasilatın tədricən artırılmasının daha düzgün olduğunu düşündüklərini ifadə edib. Onun fikrincə, ilin son aylarında Avropa və bir çox regionlarda neftə tələb zəifləyəcək. Buna görə də Novak hər ay gündəlik hasilatın 400 min barel artırılmasının daha məqbul olduğunu söyləyib.
Vasif
Sfera.az