Banklar dollar alışını artırdı

İqtisadiyyat
13:27 / 04.11.2021
1041
Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil edilən valyuta hərraclarında kommersiya banklarının xarici valyutaya tələbinin artması müşahidə edilir. Artıq son üç hərracda tələb 80 milyon dolları ötüb.
Sfera.az xatırladır ki, oktyabrın 21-də baş tutan hərracda tələb 50,6 milyon dollar olduqdan sonra tələbdə artım var. Oktyabrda 26-da baş tutan hərracda tələb 75 milyon dollara, ayın 28-da keçirilən hərracda 87,8 milyon dollara yüksəlib.
Noyabrda 2 hərrac keçirilib. Hər iki hərracda tələb 80 milyon dolladan çox olub. Belə ki, ayın 2-də olan hərracda tələb 87,3 milyon dollar, bu gün keçirilən hərracda isə 88,9 milyon dollar təşkil edib.
Dinamika göstərir ki, valyuta hərracında tələbdə canlanma var.
Tələbin güclənməsini maliyyə ilinin sona yaxınlaşması ilə əlaqələndirmək olar. Azərbaycanda həm dövlət büdcəsindən xərclər, həm dövlət şirkətlərinin xərcləri, həm də özəl şirkətlər tərəfindən ödəmələr ilin son aylarında artır. Bu da öz növbəsində daxili tələbin yüksəlməsinə, idxalın həcminin artmasına səbəb olur.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, Dövlət Neft Fondu dövlət büdcəsi qarşısında öhdəliklərini icra etməlidir. Yanvar-oktyabr aylarında Fond nəzərdə tutulandan 1,2 milyard dollar az vəsaiti manata dəyişib. Ehtimal ki, ilin son aylarında daha böyük xarici valyuta manata dəyişdiriləcək.
Sadalanan amillərin təsiri ilə noyabr və dekabr aylarında keçiriləcək valyuta hərraclarında tələbin əvvəlki aylarda keçirilən hərraclara nisbətən yüksək olması gözlənilir.
Vasif
Sfera.az