Bu avtomobilləri alanlar qazanclı çıxacaq - Ekspert açıqladı

15:56 / 03.11.2021
1146
"Elektrik mühərriki ilə işləyən avtomobillər üçün elektrik enerjisi doldurucularına görə ƏDV-nin ləğv edilməsi, onlara marağı artıracaq”.
Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, bütün bunlar avtomobil nəqliyyatı parkımızın ekoloji zərərini tədricən azaladacaq:
"Avtomobillərin yenilənməsi yollarda təhlükəsizliyi də tədricən artıracaq. Düşünürəm ki, bu istiqamətdə görüləcək xeyli sayda başqa işlər də var. Belə ki, elektrikli avtomobillərə və hidridlərə keçidi stimullaşdıran digər tədbirlər görülməlidir - məsələn, hibridlər üçün aksiz vergisinin ləğvi, elektromobillər üçün gömrük rüsumunun ləğvi və s. Elektrikli avtomobilləri və hibridləri populyarlaşdırmaqla bərabər, köhnə avtomobillərin utilizasiyasına da ləngimədən başlanmalıdır. Utilizasiya proqramı nəhayət ki, qəbul edilməli, yeni və müasir avtomobillərə marağı artırmaqla yanaşı, köhnə və yararsız avtomobillər tədricən istifadədən çıxarılmalıdır”.
Ekspert qeyd edib ki, velosipedi real nəqliyyata çevirmək üçün işlərə başlanılmalıdır:
"Piyadalar üçün əlverişli hərəkət mühitini korlayan problemləri aradan qaldırmalı, cəngəlliksayağı şəhərsalma və məskunlaşmanı dayandırmalıyıq. Bunları etməsək, bu gün tıxacda dayanan daxili yanma mühərrikli avtomobilləri sabah daha pis və dözülməz tıxacda elektromobillər əvəzləyəcək. İctimai nəqliyyata çox ciddi diqqət yetirilməlidir. Ölkəmizdə aşkar avtobus çatışmazlığı var, tramvay kimi nəqliyyat ləğv edilib. Nəqliyyatla bağlı istənilən problemin həlli ictimai nəqliyyatın inkişafından keçir. Bu baxımdan, dizel mühərrikli avtobuslar üçün 3 il əvvəl tətbiq edilən aksiz vergisi ləğv edilməlidir ki, Bakının, Gəncənin, Yevlaxın və s. avtobus parkı həm yenilənsin, həm də marşrutlar artırılsın.
Məsələ burasındadır ki, çox zəif durumda olan daşıyıcılar dünyada ən bahalı avtobuslar olan elektrobusları və CNG ilə işləyən avtobusları ala bilməyəcəklər. Bu boyda ölkənin avtobus parkını dövlətə yük etmək də çox ciddi səhv olar. İctimai nəqliyyatn çeşidi, şəbəkəsi artırılmalı, avobus parkı yenilənməli, sürücü kontingenti peşəkarlaşmalı, bir sözlə, komfort və əlçatanlıq hərtərəfli artırılmalıdır. Elə edilməlidir ki, orta statistik sakin avtobusla, tramvayla (əgər olsa), metro ilə səyahəti üstün tutsun, ictimai nəqliyyata etibar və etimad etsin”.
Günay Rəsulqızı
Sfera.az