"Rüsumlar bahalaşacaqdısa, elektronlaşmaya niyə milyonlar ayrıldı?” - Nazir müavininin açıqlamasına SƏRT REAKSİYA
10:40 / 02.11.2021
707
"Son 10-15 ildə hökumət büdcədən rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayırıb”.
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz maliyyə nazirinin müavini Azər Bayramovun dövlət rüsumlarının artırılması ilə bağlı şərhinə münasibət bildirərkən deyib.
O xatırladıb ki, dövlət rüsumlarının artırılması səbəbini izah edən nazir müavini bunu, həm də son 10-15 ildə kağızın qiymətinin və çap xərclərinin artması ilə əsaslandırıb:
"Bəs ayrılan milyonlarla vəsaitin nəticələri necə oldu? Məntiqlə rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməliydi axı. Digər dövlət qurumları da açıqlamalar verirlər ki, elektronlaşma , rəqəmsallaşma əsasında effektivlik təmin olunur, xərclər azalır, operativlik artır və s. İndi biz kimə inanaq? Əgər kağızın üzərində siyasət quracaqdıqsa, onda elektronlaşmaya milyonlar ayırmaq nəyə lazımıydı?”.
Ekspert qeyd edib ki, ya elektron hökumətə ayrılan xərclər özünü doğrultmayıb, ya da hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır:
"Düzü, anlamadım, hökumət təmsilçisi nə demək istəyir. Büdcəyə cavabdeh olan qurum təmsilçisinin açıqlamasına təəssüf edirəm. Yeri gəlmişkən, nazir müavininin dediyindən belə çıxır ki, ölkədə indiyədək elektron hökumət quruculuğuna ayrılan resurslar özünü doğrultmayıb”.
Günay Rəsulqızı
Sfera.az