“Sərt karantin tədbirlərinin yumşalması turizm sektorunda aktivliyin yüksəlməsinə səbəb olub” – Millət vəkili

İqtisadiyyat
12:26 / 01.11.2021
931
Dövlət Statistika Komitəsinin məlumatına görə,
bu ilin ilk 9 ayında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı
2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1 milyon 340 min olub.
Mehmanxanalardan istifadə səviyyəsi əvvəlki ilə müqayisədə artsa da
pandemiyadan əvvəlki dövrlər ilə müqayisə də aşağı olaraq qalmaqdadır. Qeyd edək
ki, pandemiyadan əvvəlki ildə - 2019-cu ildə ölkə üzrə mehmanxanalarda 3 milyon
345 min gecələmə qeydə alınmışdı.
Sfera.az-ın məlumatına görə, bu barədə millət
vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, burada diqqəti çəkən digər
məqam əcnəbi turistlərin daha çox Bakı şəhərinə üstünlük verməsidir:
Bu isə o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub. Bütövlükdə, əcnəbilər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,0 faiz azalaraq 241,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 18,0 faizini təşkil edir.
Ölkədə ümumi oteldən istifadə də Bakı öndədir. Belə ki, gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda, 5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var”.
Turan Rzayev