Mərkəzi Bank monetar siyasətini sərtləşdirir: Nələr baş verəcək?

14:11 / 29.10.2021
1340
Azərbaycanda qiymət artımlarının gözləniləndən yüksək olması Mərkəzi Bankı sərt pul-kredit siyasəti yürütməyə vadar edib. Bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,5 faiz bəndi artırılaraq 6,5-dən 7 faizə qaldırılıb.
Sfera.az bildirir ki, Mərkəzi Bankın uçot dərəcəsini artırmasına səbəb ölkəmizdə inflyasiya səviyyəsinin gözləniləndən yüksək olmasıdır. Bu il ölkəmizdə inflyasiya səviyyəsinin maksimum 6 faiz olacağı proqnozlaşdırılırdı. Amma 2021-ci ilin yanvar-sentyabr dövründə bahalaşma 5,2 faizə, sentyabrda isə 8,5 faizə yüksəlib.
Gözlənilir ki, 2021-ci ildə orta hesabla bahalaşma sürəti 6 faizi, dekabrda 9 faizi ötəcək.
İnflyasiyanın gözlənilən həddi keçməsi Mərkəzi Bankın əsas məqsədinə – qiymət sabitliyinə nail olmaq üçün sərt maliyyə tədbirləri görməyə vadar edir. Bu məqsədlə də Mərkəzi Bank uçot dərəcəsini artırır.
Mərkəzi Bank uçot dərəcəsini artırması inflyasiyanın azaldılmasına yönəldilən pul siyasəti tədbiridir. Bu zaman Mərkəzi Bank özünün faiz dərəcələrini artırır ki, bu da iqtisadiyyatda həm əmanətlər, həm də kreditlər üzrə faiz dərəcələrinə artırıcı təsir göstərir.
Faiz dərəcələrinin artırılması ilk növbədə kommersiya banklarının Mərkəzi Bankdan aldığı kreditləri bahalaşdıracaq. 2021-ci ilin oktyabrın 1-nə olan məlumata əsasən, banklar Mərkəzi Bankdan 1 milyard 54 milyon manat kredit alıb. Həmin kreditlər məhz uçot dərəcəsi əsasında götürülür. Uçot dərəcəsi artdıqda banklar götürülən kreditlərə görə daha yüksək faiz ödəyir.
Buna görə də uçot dərəcəsi artdıqda bankların əhaliyə, biznes sektorlarına verdiyi kreditlər üzrə faizlər də yüksəlir və kredit qoyuluşu azalır. Kreditlərin bahalaşması ona olan tələbi də zəiflətdiyindən, ölkədə kredit qoyuluşunda artım sürəti zəifləyir və bununla da iqtisadi aktivlik bir qədər səngiyir.
Eyni zamanda uçot dərəcəsi artırıldıqda əmanət faizləri də artır. Yüksək faizlər cəlbedici olduğundan insanlar sərbəst vəsaitlərini daşınmaz əmlaka, avtomobilə və ya digər böyük xərclərə yönəltməkdənsə, əmanət qoymaya üstünlük verir.
Beləliklə, uçot dərəcəsinin artırılmasından sonra həm kreditlər bahalaşır, həm də əmanət, depozit qoyuluşu artır ki, bu da ölkədə tələbi zəiflədir. Tələbin zəifləməsi isə inflyasiya səviyyəsinin daha çox yüksəlməsinin qarşısını alır.
Mərkəzi Bankın bu tədbirlərinin nə dərəcədə səmərəli olduğunu qarşıdakı aylarda görəcəyik.
Vasif
Sfera.az