"İcra hakimiyyətləri ləğv edilməlidir!" - Büdcədən yalnız 14 rayona vəsait ayrılacağı ilə bağlı xəbərlərə ETİRAZ

15:54 / 28.10.2021
876
"Azərbaycanda vergi və rüsum mərkəzləşdirilmiş yığılır. Belə olan təqdirdə, "filan rayon özünü maliyyələşdirir", nə deməkdir?! Hardan alır vəsaiti?!”.
Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli büdcədən yalnız 14 rayona vəsaitin ayrılacağı, 52 rayon və şəhərin isə, özünümaliyyələşdirmə prinsipi ilə işləyəcəyi xəbərinə münasibət bildirərkən deyib.
O, rayonların özünü dolandırması üçün lazım olan amillərə toxunub:
"Rayonların özünü dolandırması üçün bələdiyyə institutu güclənməli, icra hakimiyyəti ləğv edilməlidir. O cümlədən, bələdiyyələrin müstəqil büdcəsinin formalaşdırılması qaydaları müəyyən edilməli, istənilən bələdiyyə ərazisindən toplanan vergilərin bir hissəsi onlarda qalmalıdır. Məsələn, ƏDV 18%-dir, hər hansı bir bələdiyyə ərazisindən toplanan ƏDV-nin 3%-i həmin bələdiyyənin büdcəsinə gedir, mənfəət vergisinin 3%-i yenə bələdiyyənin büdcəsinə daxil olur, bələdiyyələr kommunal və nəqliyyat xidmətləri göstərib pul qazanır və sair”.
N.Cəfərlinin sözlərinə görə, belə bir sistem qurulmadan, "filan rayon özünü dolandırır" fikri mifdir: "Baş aldatmaqdır, söz və rəqəm oyunudur”.
Günay Rəsulqızı
Sfera.az