“Retro Bakı” layihəsi təqdim olundu – FOTO
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədilə yeni "Retro Bakı” layihəsinə start verilib.
Oxu.Az xəbər verir ki, iyulun 9-u və 10-da layihənin ilk konsertləri keçirilib.
Tədbirdə Mərdəkan Mədəniyyət Sarayının "Lalələr” rəqs qrupu, "İqray qarmon” rus folklor ansamblı, R.Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin caz ansamblı, Xətai rayon Mədəniyyət Mərkəzinin "Səma” rəqs qrupu və gənc ifaçılardan ibarət gitaraçalanlar ansamblının çıxışı olub.
İki saata yaxın müddət ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və musiqi nömrələrini dinləyiblər.
Qeyd edək ki, layihə sentyabrın ortalarınadək davam edəcək. Layihə çərçivəsində hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq.
Layihənin məqsədlərindən biri də XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırmaqdır.
16-17 iyun tarixlərində isə "Retro Bakı” layihəsinin növbəti konsertləri keçiriləcək.