Çin iqtisadiyyatının dayağı iflas həddindədir

İqtisadiyyat
11:40 / 22.10.2021
570
"Pandemiya dünya iqtisadiyyatına böyük zərbə
vurub. Qiymətlər qalxıb, resurslar azalıb, işsizlər ordusu yaranıb. Avropa ölkələrini
qış aylarının dərdi alıb. Məsələ burasındadır ki, mavi yanacağın qiyməti
astronik rəqəmlərə qədər artıb, enerji mənbələri isə azdır. Bu qış Avropa ölkələri
üçün ağır keçəcək”.
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan
Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Avropanın
alternativ enerjiyə olan ümidləri özünü doğrultmayıb:
"Digər tərəfdən, mavi yanacaq və sıxılmış qaz
alan əsas ölkələrdən biri Çindir. Avropa qərar verənə qədər Çin qış ayları üçün
tədbirlərini görüb. Buna baxmayaraq, Pekinin başqa istiqamətlərdə problemləri
artıb. Pandemiyanın başlanğıc nöqtəsi Çin olsa da, bu
ölkə digərlərindən fərqli olaraq iqtisadiyyatını qorumağı bacarırdı. Ancaq son
aylarda Çin iqtisadiyyatının müxtəlif sahələrində ciddi problemlər üzə çıxıb. Məşhur "Financial Times” jurnalında yayımlanan
məqalədə Çinin daşınmaz əmlak bazarının dağılmağa başladığı yazılıb. Çinin ən
böyük tikinti şirkəti olan "Evergrande” iflas həddindədir. Şirkətin 305 milyard
dollar borcu yığılıb. Digər tikinti şirkətləri də borc içindədirlər. Bu şirkətlər
səhmlər üzrə faizləri ödəyə bilmirlər. Çində tikinti şirkətlərin iflas etməsi
bu ölkənin iqtisadi sütunlarını silkələyir. İqtisadi ekspertlər "domino
effektinin” işə düşdüyünü bildirirlər.
E. Şahinoğlunun sözlərinə görə, ABŞ-ın kredit reytinq agentliyi olan "Moody” Çinin kredit reytinqinin aşağı düşməsi barədə məlumat yayıb:
"Moody”nin yeni hesabatı Çinin nəhəng
istehsalçılarını defolt təhlükəsi qarşısında daha çox narahat edir. Misal üçün
Çinin çip istehsalçısı olan "Tsinghua Unigroup” şirkəti iflasdan qurtulmağa
çalışır və hazırda maliyyə böhranının həllinə kömək etmək üçün yeddi potensial
investorla danışıqlar aparır. Eyni sözləri digər şirkətlər barədə də söyləmək
mümkündür.
Çin bu vəziyyətdə 2022-ci ildə qış oplimpiya
oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu oyunlar Çinə əlavə problemlər
yaradıb. Qərb ölkələrində uyğurlara dəstək aksiyaları keçirilir, Çində qış
olimpiya oyunlarının boykot edilməsi şüarları artır. Bu aksiyalarda uyğurların
özləri və onlara dəstək verən tibetlilər də iştirak edirlər.
Turan Rzayev