Rəsmi Bakı hərəkətə keçdi: Qarabağdakı erməni silahlı dəstələri tərksilah edilir - AÇIQLAMA
Gündəm
16:07 / 21.10.2021
2230
Bu gün erməni QHT sədri Aşot Arutunyan öz çıxışında Qarabağda - rusiyalı sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində yerləşmiş erməni hərbi birləşmələrinin tərksilah ediləcəyini deyib. O, məlumatın Qarabağdakı terrorçu-separatçıların rəhbəri Arayik Arutunyan tərəfindən ona şəxsən deyildiyini vurğulayıb.
"Arayik Arutunyan Qarabağdakı silahlı birləşmələrin buraxılacağını dedi. Soruşdum ki, "sənə bu haqqı kim verib?”. O isə "azərbaycanlılar bunu tələb edir”, - deyə cavab verdi”.
Maraqlıdır, bu açıqlamanı rəsmi Bakının şərtləri kimi dəyərləndirə bilərikmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Sfera.az-a açıqlamasında deyib ki, bu cür açıqlamalarda qəribə bir şey yoxdur:
"Çünki faktiki olaraq, üçtərəfli bəyanatda qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmalı olduğu qeyd edilmişdi. Ancaq müvəqqəti olaraq, ermənilər digər məsələlərdəki kimi (Zəngəzur koridoru və ya kommunikasiyaların açılması) bunu da ləngitdilər. Sonuncu baş tutan görüşlər və verilən mesajlar onu deməyə imkan verir ki, tezliklə ermənilər öz öhdəliklərini yerinə yetirəcəklər. Xüsusilə də, Azərbaycan ərazilərində olan qanunsuz silahlı dəstələrin çıxarılması, Ermənistan tərəfindən rəsmi Bakının tələblərinin tanınması, nəticə etibarilə də sülh danışıqlarının baş tutması qaçılmazdır”.
Müsahibimiz həmçinin, Zəngəzur koridorunun da fəaliyyətə başlayacağını vurğulayıb:
"Dünən prezident İlham Əliyev Zəngilandakı ictimaiyyətlə görüşündə də bu məsələyə aydınlıq gətirdi. Bu baxımdan biz anlamalıyıq ki, ermənilərə tam olaraq güvənmək olmaz. Ancaq istənilən halda, ermənilər reallıqları dərk edirlər və götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Sülhdən başqa onların çıxış yolu yoxdur. Əks təqdirdə, ermənilər hansısa baş tutacaq bir toqquşma və ya münaqişə nəticəsində tamamilə öz varlıqlarına son qoya bilərlər. Aşotun son açıqlamalarına oxşar sözləri hələ tez-tez eşidəcəyik”.
Günay Rəsulqızı
Sfera.az