İki qurum arasında SAVAŞ
Cəmiyyət
19:37 / 09.07.2016
1025
Respublikanın ümumtəhsil məktəblərində istifadədə olan, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 4-cü sinif dərslik komplektlərinə dair Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) hazırladığı yekun rəylərə Təhsil Nazirliyi tərəfindən rəsmi cavab göndərilib.
Sfera.az-ın
məlumatına görə, iradların çoxu qəbul edilməyib, bəzilərinə isə elə iradla da
cavab verilib.
TQDK-nın
"Dərslik "Azərbaycan dili" adlansa da, məzmunu bilavasitə
"Oxu" məzmun xəttinə uyğundur. Bunun səbəbi, fıkrimizcə, 3-cü sinif dərsliyində
dilin sisteminin həddindən çox verilməsi ilə bağlıdır. Dil materialları
uşaqların yaş xüsusiyyətləri nəzərə alınmadan, əsasən, 3-cü sinif dərsliyində
verildiyindən, 4-cü sinif dərsliyində əlavə məlumat verməyə, demək olar,
material qalmayıb. Eləcə də təqdim olunmuş dil qaydalarının mətnlərlə bağlı
olmaması "Azərbaycan dili" fənninin əsas məqsədinin reallaşmamasına gətirib
çıxarıb" iradına cavab olaraq bildirilib: "Dilçiliyə yaraşmayan ifadələr
(dilin sisteminin həddindən çox verilməsi - ?), əsassız iradlar irəli sürməkdənsə,
rəyçilər hər bir sinif üçün kurikulumda təsbit olunmuş dil qaydaları ilə bağlı
hansı standartların dərslikdə reallaşmadığını və ya kurikulumda öz əksini
tapmamış hansı standarta dərslikdə yer verildiyini deməli idilər. Bunu isə deyə
bilməzlər, çünki dərslikdə hər bir material kurikuluma uyğundur".
TQDK-nın
"4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və nizamlı deyil, bir
çox hallarda lazımsız qaydalar verilmişdir. Mətnlərə aid tapşırıqlar Azərbaycan
dili üzrə məzmun standartlarının reallaşmasına ciddi kömək etmir. Dil
qaydalarının müvafiq nitq bacarıqlarına çevrilməsi yoxdur" iradı heç bir
konkret faktla əsaslandırılmamış irad hesab edilib: "Dərslikdə
"lazımsız qayda" yoxdur. Bütün qaydalar məzmun standartlarına
uyğundur və müvafıq mətnlə bağlıdır".
TQDK-nın
"Dərsliyin forzas səhifəsində Dövlət Himni "Azərbaycan
Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli Qanunun tələblərinə
uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub.
Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi
haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının
1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb"
iradına cavabda isə qeyd edilib ki, son illərin bütün dövlət sərəncamlarında
böyük bəstəkarın soyadı "Hacıbəyov" yox, "Hacıbəyli" gedir.
Heç bir mənbədə dövlət himni "Azərbaycan marşı" kimi qeyd
olunmur".
TQDK-nın
"Dərslikdə tez-tez pulla bağlı humanistlik mövzusuna müraciət olunur.
Maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil" iradına
cavab olaraq bunlar bildirilib: "Bu iraddan kommunist ideologiyasının
qoxusu gəlir. "Maddiyyat" həyatımızın bir hissəsidir və "şəxsiyyətyönümlü"
adlandırdığımız təhsil tələb edir ki, şagirdin bu barədə də məlumatı
olsun".
Ümumilikdə
"Azərbaycan dili" dərsliyi üzrə cəmi 72 tənqidi xarakterli qeyd
verilib, onlardan 9-u qəbul edilib. Qəbul edilən iradlar isə əsasən, qrammatik
yönümlü olub.
4-cü
sinif "Riyaziyyat" fənni üzrə TQDK-ya daxil olmuş yekun rəydə
iradlar, demək olar ki, qəbul edilməyib.
TQDK-nın
"Göründüyü kimi, 4-cü sinif riyaziyyat proqramındakı 49 standartdan 20-si,
yəni 40 faizdən çoxu dərslikdə ya tamam, ya da normal şəkildə əksini tapmayıb.
Halbuki 20 yox, bircə standartın kənarda qalması yetərli idi ki, Dərslikləri
Qiymətləndirmə Şurası onu geri qaytarsın" iradına cavab olaraq bildirilib
ki, 20 standartın formalaşdırılmadığı barədə qeyd edilən bütün iradlar əsassızdır.
4-cü sinif riyaziyyat fənni üzrə yeni təhsil proqramında (kurikulum) yer almış
bütün məzmun standartları dərslikdə öz əksini tapıb:
"Yekun
rəydə irəli sürülən fikirlər hər bir məzmun standartına uyğun şagird
bacarıqlarının ekspertlər tərəflndən düzgün qiymətləndirilməməsindən irəli gəlir.
Bir çox hallarda isə dərslik komplektində yer almış uyğun tapşırıqların nəzərə
alınmaması təəccüb doğurur. Bu tapşırıqları dərsliyi vərəqləyən hər bir şəxs
görə bilər".
4-cü
siniflər üçün 2011-ci ildə nəşr olunmuş "İnformatika" fənni üzrə dərslik
komplekti üzrə TQDK-nın monitorinqinin yekun nəticəsinə müəlliflərin münasibətində
iradlar da qəbul edilməyib. TQDK-nın "Dərslik komplekti tələb olunan məzmun
standartlarını tam formalaşdırmağa imkan vermir" iradına cavab olaraq qeyd
edilib: "Rəyçilərin bu fikri yalnız ilin sonunda böyük summativ qiymətləndirmə
ilə təsdiq və ya təkzib oluna bilər. Biz isə bu fikri söyləyən rəyçinin ibtidai
siniflərlə sıx əlaqəsinin olduğuna şübhə edirik".
"Həyat
bilgisi" ilə bağlı TQDK-nın "Dərsliyin forzas səhifəsində Dövlət
Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il
27 may tarixli Qanunun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan
marşı") ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli
təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan
Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap
olunmayıb. Komplekt rəsmi dövlət sənədlərinə - tədris planına və fənn
kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin subyektiv mülahizələrinə əsaslandığına
görə, standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri praktiki
cəhətdən formalaşdırmaq qeyri-mümkündür" yekun rəyinə cavab olaraq,
bildirilib ki, kurikulum üzrə hazırlanmış dərsliklərdə forzas yoxdur.
Rəydə
daha sonra bildirilir: "Sizin forzas adlandırdığınız kitab cildin 2-ci səhifəsidir.
Gerbin təsvirinə gəldikdə isə onun çapı tam tələblər səviyyəsində icra olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin adının ixtisar olunmasına gəlincə,
qeyd etməyi lazım bilirik ki, "Azərbaycan marşı" Dövlət Himni kimi təsdiq
olunduqdan sonra rəsmi olaraq "Azərbaycan marşı" deyil, "Azərbaycan
Respublikasının Dövlət Himni" adlanır. Yuxarıda göstərilənlərə əsasən qeyd
etmək istərdik ki, "Həyat bilgisi - 4" dərslik komplekti tam fənn
kurikulumuna əsasən hazırlanıb. Dərslikdə və müəllim üçün metodik vəsaitdə, iş
dəftərində təqdim edilən məlumat, suallar və tapşırıqlar sistemli şəkildə
şagirdlərdə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri
praktiki cəhətdən formalaşdırmağa tam imkan yaradır və yalnız rəydə göstərilən
bəzi redaktə və korrektura xətaları nəzərə alınmalıdır".
Trend //
Sfera.az