“Qarabağda istehsal olunan məhsullar Rusiyada açıq satışa çıxarılır” – DEPUTAT
Cəmiyyət
20:36 / 08.07.2016
868
Son vaxtlar böyük dövlətlərin başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensiv danışıqlar aparırlar. Bir neçə həftə ərzində Barak Obama, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Angela Merkel və Fransua Olland arasında baş tutan telefon danışıqlarında münaqişənin həlli istiqamətində atılacaq addımlar müzakirə olunub.
Bir sözlə,
danışıqlar prosesində hərəkətlilik müşahidə olunur. Bəs, bu hərəkətlilik nə cür
qiymətləndirilir?
"Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai
Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov Sfera.az-a açıqlamasında hərəkətliliyin
yaxşı hal olduğunu bildirib: "Demək, nə isə etmək istəyirlər, hərəkətə keçiblər.
Xüsusilə Rusiya fəallığını artırıb. Ancaq bunlar öz fəaliyyətləri, hərəkətləri,
verdikləri təkliflərlə nə qədər ədalətlidirlər, nə qədər Azərbaycan
torpaqlarının işğaldan azad olunması istiqamətində iş görmək istədikləri bir az
müəmmalı qalır.
Mən nəyə
görə bunu deyirəm? Lavrovun Ermənistana son səfəri və bu səfər zamanı toxunduğu
mətləbləri götürək. Bir məqama diqqət çəkmək istəyirəm. Lavrov İrəvanda belə
bir cümlə işlətdi ki, bu problem həllini tapmalı, əməli fəaliyyət olmalıdır,
dedi, elə etməliyik ki, hər iki tərəf razı qalsın, yəni ziyan çəkməsin. Eyni
zamanda burda Dağlıq Qarabağın da mənafeyinə ziyan vurulmamalıdır.
Lavrov
belə bir fikir söylədi. Demək, bu fikirdən belə anlaşılır ki, artıq Rusiya öz
daxilində belə bir qərar verib, Dağlıq Qarabağ bir tərəfdir və burada Ermənistanla
Azərbaycan arasında nə danışıqlar olsa, burda Dağlıq Qarabağın mənafeyi
qorunmalıdır. Demək, artıq Lavrov və Lavrovun başının üstündə duran rəhbəri –
Rusiya Federasiyasının prezidenti belə bir qərara gəliblər ki, artıq Dağlıq
Qarabağı bir qurum, bir tərəf kimi tanıyıblar və onun mənafeyi qorunmalıdır,
ona toxunulmamalı, ziyan dəyməməlidir.
Mən
Lavrovu qınamıram, mən buna təəccüblənmirəm. Ona görə ki, artıq neçə illərdir
Moskvada və Rusiyanın bir neçə digər böyük şəhərlərində həmin tanınmamış
separatçı "Dağlıq Qarabağ Respublikası” deyilən cinayətkar qurumun nümayəndəliyi
fəaliyyət göstərir. Separatçı qurumun "Dağlıq Qarabağ” adı ilə istehsal etdiyi
bir çox ərzaq məhsulları Moskvanın və Rusiyanın bir sıra şəhərlərində satılır.
Yəni, bunlar artıq bunu qəbul ediblər və bizə də qəbul etdirmək, sırımaq istəyirlər.
Təhlükəli
məqam bundan ibarətdir. Yoxsa bunlar problemin həlli üçün çalışırlar və bu
çalışqanlıq da alqışlanmalıdır. Ancaq necə, hansı istiqamətdə, kimin xeyrinə
çalışırlar və bunların məqsədi nədən ibarətdir?! Bax, bu, müəmmalıdır”.
Elman Məmmədovun
sözlərinə görə, Azərbaycanın məqsədi məlumdur: "Azərbaycanın məqsədi və qarşıya
qoyduğu tələb ondan ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun.
Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Dağlıq Qarabağ və onun ətrafındakı 7
rayon Ermənistan tərəfindən işğal olunub. Ermənistanın işğalçı qoşunları Azərbaycan
sərhədlərindən kənara çıxarılmalı və bundan sonra Ermənistan-Azərbaycan sərhəd
xətti boyunca monitorinq də, beynəlxalq müşahidəçilər də ola bilər. Ancaq
bunlar Ermənistan-Azərbaycan sərhədində dayanmalıdırlar. Bu, Azərbaycanın
qoyduğu şərtdir, bizə sərf edən ədalətli həll yoludur.
Yoxsa
bunlar gəlib Azərbaycanın ortasında təmas xəttində dayanmamalıdırlar. Söhbət
bundan gedir ki, Rusiyanın bu canfəşanlığının arxasında nə dayanır: Rus
qoşunlarının Azərbaycana girib, gəlib təmas xəttində, Dağlıq Qarabağın ətrafında
1988-1992-ci illərdə olduğu kimi çəpər çəkib dayanmaq, erməniləri qorumaq?
Rusiyanın məqsədi budur? Burda belə maraqlı, müəmmalı məsələlər var...
Rusiyanın
maraqları var. Kazan görüşlərində də Rusiya tərəfindən Azərbaycan üçün qəbulolunmaz
təkliflər olub. Buna görə də biz bu məsələlərdə son dərəcə diqqətli, ehtiyatlı
olmalıyıq. Təkcə Rusiya yox, Fransa və Amerika da, bir çox başqa dövlətlər də
özlərində separatçı-cinayətkar qurumun nümayəndəliklərini yaradıblar. Bunları rəsmi
şəxslər kimi qəbul edirlər. Bunlarla hesablaşırlar. ATƏT-in qastronomları, beynəlxalq
turizm şirkətinin işçiləri hər dəfə gələndə gedib bu cinayətkarlarla görüşürlər,
məsləhətləşirlər. Bu təhlükəli mövqedir, bunlar təhlükəli yanaşmalardır. Azərbaycan
üçün xeyirli olmayan yanaşmalardır.
Buna görə
də Azərbaycan tərəfi olaraq bizim qarşımıza qoyulan qeyri-məqbul, ədalətsiz
hesab olunan təkliflərin hamısını rədd edirik və edəcəyik. Bizim məqsədimiz ərazilərimizi
işğaldan azad etməkdir, ərazi bütövlüyümüzü təmin etməkdir”.
teleqraf.com //
Sfera.az