“Bakı-Ankara-İslamabad birliyinə qarşı İrəvan-Tehran-Dehli birliyi qurulur” – Şərh

“Bakı-Ankara-İslamabad birliyinə qarşı İrəvan-Tehran-Dehli birliyi qurulur” – Şərh
"Hindistan Ermənistanı dəstəkləyir. Bu heç kəsə sirr deyil. Rəsmi Dehlinin İrəvanın dəstəkləməsinin səbəbi heç də Azərbaycanla düşmənçiliyi deyil. Pakistan-Azərbaycan münasibətlərinin gün-gündən inkişaf etməsi, strateji tərəfdaşlıq səviyyəsinə qalxması öz növbəsində rəsmi Dehlini də İrəvana yaxınlaşdırır”.

Bu sözləri Sfera.az-a politoloq Samir Hümbətov Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar Ermənistana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Hindistan-Azərbaycan əlaqələri hazırkı dövrdə heç də pis deyil:
 
"Azərbaycanın 2020-ci il dövlət büdcəsinə görə, Hindistanla ticarət dövriyyəmiz illik bir milyard manata yaxındır. Hindistan Azərbaycandan neft məhsulları alan ölkədir. Yəni Hindistanla Azərbaycan arasında konkret gərginlik, yaxud anlaşmazlıq yoxdur. Rəsmi Dehli Pakistan faktoruna görə Ermənistanla münasibətləri daha da yaxşılaşdırır. Bu mənada Hindistan xarici işlər nazirinin Ermənistanda verdiyi bəyanatların siyasi yükü yoxdur. Əminəm ki, rəsmi Dehli bununla sadəcə ermənilərin könlünü xoş etməyə çalışır. Düzdür, bu Hindistanı büsbütün təmizdə olduğu mənasına gəlmir. Çünki Ermənistanla Hindistan arasında silah dövriyyəsi də var. Hətta 44 günlük müharibə zamanı Hindistan Ermənistana silah satan ölkələr sırasında idi. Bundan başqa, işğal dövründə Hindistanın qızıl şirkətləri qanunsuz şəkildə Azərbaycan torpaqlarında fəaliyyət göstərirdi. Rəsmi Bakı məsələ ilə bağlı Hindistana, hətta nota da təqdim edib”.

Politoloqun sözlərinə görə, Hindistan xarici işlər nazirinin Ermənistana səfərinin əsas səbəbi Pakistanın regionda nüfuzunun azaldılmasıdır:

”Açıqca demək lazımdır ki, Hindistan Zəngəzur dəhlizin açılmasını istəməyən ölkələrdəndir. Çünki Zəngəzur dəhlizi açılsa, Pakistan divident qazana bilər. Buna görə də regionda yaradılan Türkiyə-Pakistan-Azərbaycan blokuna qarşı Hindistan-Ermənistan-İran blokunun yarandığı eyforiyasını yaratmağa çalışır”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR