Bu il Neft Fondunun büdcəsində kəsir yox, profisit olacaq

Bu il Neft Fondunun büdcəsində kəsir yox, profisit olacaq
Neftin bahalaşması Azərbaycan dövlət büdcəsinin gəlirlərinə ciddi təsir etməsə də, Dövlət Neft Fondunun gəlirlərində böyük dəyişiklik yaradıb. Bu il faktiki qiymətlər proqnozlaşdırılan qiymətdən xeyli yüksək olduğundan Fondun gəlirlərində ciddi artımın olacağı, hətta büdcədə kəsirin yaranmayacağı ehtimalı güclənir. 

Sfera.az xatırladır ki, 2021-ci ilin büdcəsində neftin ortaillik ixrac qiyməti 45 dollardan hesablanıb. Bu hesabla Neft Fondunun cari ildə gəliri 8 milyard manat olmalıdır. Gəlirin 6,44 milyard manatı neft və qazın satışından, 776 milyon manatı bonus ödənişlərindən, 760 milyon manatı aktivlərin idarə edilməsindən, 22 milyon manatı neft və qazın nəqlindən əldə edilməlidir. 

İlk 9 ayın nəticələrinə əsasən, Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 68,3 dollar olub. Buradan görünür ki, faktiki qiymət proqnoz qiymətdən 23,3 dollar və ya 51,8 faiz yüksəkdir. 

İlin başa çatmasına hələ 3 ay var. Enerji bazarındakı vəziyyət və mövcud dinamika göstərir ki, dördüncü rübdə orta qiymət 70 dollardan aşağı olmayacaq, hətta bəzi proqnozlara əsasən orta qiymət 80 dollar da təşkil edə bilər. Bu hallarda 2021-ci ildə Azərbaycanın ixrac edəcəyi neftin orta qiyməti 70 dollar səviyyəsində olacaq. 
Neftin ortaillik qiymətinin 70 dollar olması Neft Fondunun gəlirlərinin xeyli artmasına kömək edəcək. Artıq ilk 8 ayın nəticəsi göstərir ki, Fond neft-qaz satışından bir ildə nəzərdə tutulan gəliri əldə edib. Yanvar-avqust ayları ərzində neft-qaz satışından 6,15 milyard manat gəlir əldə olunub ki, bu da illik proqnozdan bir qədər azdır. 

İlk 8 ayın qiymətləri ilə hesablasaq, ilin sonunda neft-qaz satışından gəlirlər 9,22 milyard manatı ötəcək. Amma aybaay Azərbaycanda neft və qaz hasilatının artdığını, eyni zamanda satış qiymətinin yüksəldiyini nəzərə alsaq, aydın olur ki, ilin sonunda neft-qaz satışından gəlirlər 10 milyard manatı ötəcək. 

Digər gəlirlərdən bonus ödənişləri neftin bahalaşmasına görə artmayacaq. Lakin aktivlərin idarə edilməsindən proqnozlaşdırılan gəlirlər xeyli yüksələcək. Çünki dünyada iqtisadi fəallıq artır, əmtəə qiymətləri qalxır, investisiya qoyuluşu güclənir. Bu şəraitdə Fondun sərmayə etdiyi aktivlərin dəyəri də xeyli yüksəlir. Bunun nəticəsidir ki, ilin birinci yarısında aktivlərin idarə edilməsindən 1,93 milyard manat gəlir əldə edilib. Bu məbləğ illik proqnozlaşdırılan məbləğdən 2,53 dəfə çoxdur. Yəqin ki, dünyada baş verən bahalaşma ilə əlaqədar ilin sonunda aktivlərin idarə edilməsindən əldə edilən gəlir daha böyük olacaq. Beləliklə, neftin bahalaşmasını və digər əmtəələrin dəyərinin yüksəlməsini nəzərə aldıqda, deyə bilərik ki, bu il Fondun gəlirləri 13 milyard manatı ötəcək. Bu məbləğ Fondun büdcəsində 1 milyard manat və daha çox profisit yaranmasına imkan verəcək. 

2021-ci ildə Neft Fondundan maksimum 12,2 milyard manat xərcləmək planlaşdırılır. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...